Çar Rusiyası və Sovet İttifaqı (əslində Sovet Rusiyası) 200 il ərzində Azərbaycan neftini “öz malı” kimi mənimsəyib talan etməklə, əslində suveren Azərbaycan dövləti üçün iqtisadi təhlükə mənbəyi yaratmışdır. Belə ki, təkcə Bakı ərazisi yox, həm də bütün Abşeron yarımadası və oradakı kənd və qəsəbələrin torpaqları də baxımsızlıq ucbatından viranlığa çevrilmiş və bu ərazilərin neft tullantılarından təmizlənməsi barədə heç bir tədbir görülməmişdir.
Əgər yerin altındakı “qara qızıl” daşınıb müftə aparılıbsa, yer üstündə olan qızıldan qiymətli zəfəran becərilməsi üçün də sahə qalmamışdır. Əgər zəfəranın 1 qramı qızılın 1 qramından bahadırsa, nə üçün bu bitki Abşeronda becərilməsin? Axı hamıya məlumdur ki, neftin tükənmə ehtimalı var və bu fakt danılmazdır. Lakin, zəfəranın əkilib-becərilməsi əsrlərcə davam edə bilər və bu ölkəyə kifayət qədər kapital (xarici valyuta) gətirə bilər. Müqayisə etsək görərik ki, həqiqətən də neft tullantıları ilə yararsız hala salınmış Abşeron torpaqları, əslində ölkəmiz üçün gələcək iqtisadi təhlükə mənbəyinə çevrilmişdir. Bəs belə isə, nə üçün müstəqil Azərbaycan dövləti Rusiyadan bu torpaqların bərpası üçün kompensasiya tələb etmir? Yaxud, nə üçün Rusiya bu torpaqların bərpasında müştərək tərəfdaşlıq etmir?
P.S. Rusiya 200 il ərzində Azərbaycandan daşıyıb apardığı sərvətlər üçün kompensasiya verəcəkmi?! Bu barədə, xalq və dövət niyə susur və nə vaxta kimi susacaq?!
Ağasəf İMRAN