İngiltərə Premyer Liqasının 32-ci turu sensasiyalı nəticə ilə yadda qalıb – çempionluq mübarizəsi aparan mankunianlılar autsayderlər sırasında yer alan “Lids”ə boyun əyiblər.
ELAZ.İNFO xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Lids”ə 1:2 hesabı ilə uduzaraq, 2026-cı ildə doğma azarkeşləri önündə ilk məğlubiyyətini alıb. İndi “Old Trafford”un keçilməz olduğunu düşünənlər bir məqama diqqət etsinlər ki, intizamsızlıq və erkən buraxılan qollar hətta ən iddialı komandaları belə çətin vəziyyətə sala bilir.
Qarşılaşmanın taleyini “Lids”in hücumçusu Noa Okaforun ilk hissədə (5 və 29-cu dəqiqələr) vurduğu dubl həll edib. Meydan sahiblərinin işini çətinləşdirən əsas məqam isə 56-cı dəqiqədə müdafiəçi Lisandro Martinesin qırmızı vərəqə alaraq meydandan qovulması olub. Azlıqda qalan “Yunayted” yalnız 69-cu dəqiqədə Kazemironun qolu ilə fərqi azaltsa da, bərabərlik qolunu vura bilməyib. Beləliklə, mankunianlıların ötən ilin noyabrından bəri davam edən ev məğlubiyyətsizliyi seriyası qırılıb. Hazırda 55 xalla 3-cü pillədə qalan komandanı növbəti turda “Çelsi” ilə ağır səfər oyunu gözləyir.
Ruslan Məmmədov