Bakıda hava buludlu və sərin olacaq – Yağış ehtimalı var

ELAZ.İNFO xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava əsasən buludlu keçəcək. Gecə və səhər saatlarında bəzi ərazilərdə müşahidə olunan yağışın səhər tədricən kəsiləcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda havanın temperaturu gecə 9-12, gündüz isə 13-15 dərəcə isti olacaq. Səhər saatlarında şimal-qərb küləyi zəifləyərək mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.
Ölkənin rayonlarında da hava şəraitinin qeyri-sabit olacağı bildirilir. Bəzi ərazilərdə arabir yağış, ayrı-ayrı yerlərdə leysan və şimşək gözlənilir. Dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gecə saatlarında yağıntıların bəzi yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır.
Rayonlarda havanın temperaturu gecə 8-13, gündüz 14-18 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 4-8 dərəcə isti təşkil edəcək.
Mütəxəssislər dəyişkən hava şəraitini nəzərə alaraq, xüsusilə yağış gözlənilən ərazilərdə yola çıxanların diqqətli olmasını tövsiyə edirlər.




