Məryəm Üzərli Bakıda izdihamla qarşılandı: “Bu şəhər qəlbimdə xüsusi yer tutacaq”

ELAZ.İNFO xəbər verir ki, “Möhtəşəm yüz il” serialında Hürrəm Sultan obrazı ilə milyonların sevgisini qazanan aktrisa Məryəm Üzərlinin Bakıya səfəri həm yerli, həm də Türkiyə maqazin mediasının diqqət mərkəzinə düşüb.
Türkiyəli aktrisa noyabrın 4-də ilk dəfə Azərbaycan paytaxtına gəlib. Onun səfərinin əsas səbəbi baş rollardan birini ifa etdiyi “İmrozda bahar” filminin Bakı premyerasında iştirak etmək olub. CineMastercard-ın Deniz Mall-də yerləşən kinoteatrında təşkil olunan qala gecəsində sənətçini çoxsaylı pərəstişkarları qarşılayıb. İlkin nümayiş üçün biletlərin qısa müddətdə tükənməsi də tədbirə marağın yüksək olduğunu göstərib.
Qırmızı xalıda görünən Məryəm Üzərli tamaşaçılarla görüşüb, onlarla şəkil çəkdirib və filmin nümayiş olunduğu zallara baş çəkib. Aktrisanı yaxından görmək istəyənlərin çoxluğu tədbirdə sıxlıq yaradıb. Türkiyə mətbuatında yayılan görüntülərdə təhlükəsizlik əməkdaşlarının izdihamı idarə etmək üçün çətinlik çəkdiyi də əks olunub.
Bakıda keçirdiyi vaxtdan məmnun qalan sənətçi şəhərin memarlığına, tarixi binalarına, mətbəxinə və insanların qonaqpərvərliyinə heyran olduğunu bildirib. O, səfərdən sonra sosial şəbəkədə paylaşım edərək Azərbaycan tamaşaçılarına təşəkkürünü çatdırıb və Bakının yaddaşında xüsusi yer tutacağını vurğulayıb.
Aktrisa üçün bu səfər sadəcə film təqdimatı ilə məhdudlaşmayıb. O, paytaxtda olduğu müddətdə Heydər Əliyev Mərkəzini də ziyarət edib.
Qeyd edək ki, Özcan Alperin rejissorluğu ilə çəkilən “İmrozda bahar” filmində Məryəm Üzərli Halit Ergençlə tərəf-müqabili olub. “Möhtəşəm yüz il” serialından tanınan iki aktyor təxminən 15 ildən sonra yenidən eyni ekran layihəsində bir araya gəlib. Romantik dram Gökçəada adasında yolları kəsişən və keçmişin ağrıları ilə yaşamağa çalışan iki insanın hekayəsindən bəhs edir.
Məryəm Üzərlinin Bakı səfəri bir daha göstərdi ki, illər əvvəl ekranlarda sevilən Hürrəm Sultan obrazı Azərbaycan tamaşaçısının yaddaşında hələ də xüsusi yer tutur.
İlahə BAYINDIR




