Dünya bazarındakı əsas kənd təsərrüfatı resurslarının 45%-ə qədərinin keçdiyi Hörmüz boğazında yaranan gərginlik qlobal qida təhlükəsizliyini birbaşa təhdid edir.
ELAZ.İNFO xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Hörmüz boğazındakı böhranın qlobal aqrar-sənaye fəlakətinə çevrilə biləcəyi barədə ciddi xəbərdarlıq edib. İndi bu coğrafi nöqtədəki gərginliyi sadəcə regional münaqişə hesab edənlər bir məqama diqqət etsinlər ki, dünya üzrə kənd təsərrüfatı resurslarının 20%-dən 45%-ə qədəri məhz bu boğaz vasitəsilə daşınır.
FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, Fars körfəzi regionu xüsusilə Afrika ölkələrinin asılı olduğu gübrə tədarükündə aparıcı rol oynayır. ABŞ və İran arasındakı danışıqların nəticəsiz qalması və boğazın blokadaya alınması ehtimalı ərzaq qiymətlərində “ideal fırtına” yarada bilər. Mütəxəssislərin rəyinə görə, əgər bu blokada davam edərsə, 2026-cı ilin sonunda dünyada ərzaq inflyasiyası və defisiti pandemiyadan daha ağır fəsadlara yol açacaq. Hazırda ən böyük risk altında olanlar isə gübrə və enerji daşıyıcılarının bahaşlaşmasına qarşı ən zəif müqaviməti olan yoxsul ölkələrdir.
Ruslan Məmmədov