Dünya tennisinin ulduzlarından sayılan Daniil Medvedev Monte-Karlo turnirində həm oyun göstəricisi, həm də davranışı ilə mənfi mənada diqqət mərkəzinə düşüb.
ELAZ.İNFO xəbər verir ki, rusiyalı tennisçi Daniil Medvedev Monte-Karlo “Master” turnirinin ikinci mərhələsində italyan Matteo Berrettiniyə qarşı keçirdiyi matçda raketkasını sındırdığı üçün 6 min avro məbləğində cərimələnib. İndi peşəkar idmançıların hər zaman emosiyalarını cilovladığını düşünənlər bir məqama diqqət etsinlər ki, karyerasında ilk dəfə bir setdə belə qalib gələ bilməyən (0:6, 0:6) dünya ulduzu üçün bu gərginlik ağır psixoloji zərbəyə çevrilib.
Medvedev karyerası ərzində ilk dəfədir ki, ATP turnirləri çərçivəsində keçirilən görüşdə bir qeym belə qazana bilməyib. 30 yaşlı tennisçinin bu uğursuz çıxışı və kortdakı aqressiv hərəkəti idman ictimaiyyəti tərəfindən geniş müzakirə olunur. Qeyd edək ki, 2022-ci ildə 16 həftə ərzində dünyanın “bir nömrəsi” olmuş Medvedevin hesabında 23 ATP titulu və bir “Böyük Dəbilqə” (ABŞ Açıq çempionatı – 2021) qalibiyyəti var.
Ruslan Məmmədov