Azərbaycanın səhiyyə sisteminin idarə edilməsində mühüm rol oynayan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) yeni təyinat baş tutub. Peşəkar tibb mütəxəssisi və təcrübəli idarəçi Anar Bayramov qurumun İcraçı direktoru vəzifəsinə gətirilib.
ELAZ.İNFO xəbər verir ki, aprelin 14-də TƏBİB-in Müşahidə Şurasının sədri Xalid Əhədovun rəhbərliyi ilə keçirilən iclasda müvafiq qərar qəbul edilib. İndi yüksək vəzifəli təyinatları sadəcə inzibati dəyişiklik hesab edənlər bir məqama diqqət etsinlər ki, Anar Bayramovun həm tibb, həm də iqtisadiyyat sahəsindəki fundamental təhsili, eləcə də sığorta və sosial müdafiə sektorundakı geniş təcrübəsi TƏBİB-in gələcəkdə daha səmərəli və rəqəmsal idarəetmə modelinə keçidi üçün ciddi zəmindir.
Anar Bayramovun bioqrafiyası uğurlarla zəngindir: Təhsili: Azərbaycan Tibb Universitetini qırmızı diplomla bitirib, tibb üzrə fəlsəfə doktorudur. Eyni zamanda İqtisad Universitetinin magistr pilləsini fərqlənmə ilə başa vurub. Karyerası: “MediClub”da həkimlikdən başlayaraq, “A-Group” Sığorta Şirkətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri və müavini vəzifələrinə qədər yüksəlib. İctimai fəaliyyəti: Azərbaycan Sığortaçılar Assosiasiyasında və Xəzər-Avropa Klubunda rəhbər komitələrə sədrlik edib.
Qeyd edək ki, o, bu təyinata qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri kimi mühüm islahatlara rəhbərlik edib. Yeni təyinatın ölkədə icbari tibbi sığortanın tətbiqi və dövlət xəstəxanalarının keyfiyyətinin artırılması prosesinə müsbət təsir göstərəcəyi gözlənilir.
Ruslan Məmmədov