Kür çayının iki sahilini birləşdirən bərə dövrü Neftçalanın və bütövlükdə Azərbaycanın balıqçılıq sənayesinin ən zəhmətkeş və qürurverici səhifələrindən biri kimi yaddaşlarda qalıb.
ELAZ.İNFO xəbər verir ki, 1981-ci ilə qədər Kür çayı üzərində Bankə körpüsü tikilməmişdi və rayon sakinləri üçün əsas nəqliyyat vasitəsi məşhur Bankə bərəsi idi. İndi müasir körpülər üzərindən saniyələr içində keçənlər bir məqama diqqət etsinlər ki, vaxtilə Bankə Balıq Kombinatının ağır yükləri, texnikası və minlərlə insanın gündəlik ehtiyacı məhz bu sadə bərə sistemi – bir böyük barja və onu çəkən kiçik qayığın ümidinə qalmışdı.
1979-cu ildə təməli qoyulan və 1981-ci ildə istifadəyə verilən yeni körpü bu çətin, lakin mənalı bərə dövrünü tarixin arxivinə göndərdi. Bu köhnə fotolar sadəcə bir nəqliyyat vasitəsini deyil, həm də Neftçalanın iqtisadi dirçəlişini, balıqçıların alın təri ilə qazanılan çörəyini və o dövrün insan münasibətlərini əks etdirir. Bu gün o illəri xatırlayanlar üçün bərə dövrü keçmişə açılan həsrət dolu bir pəncərədir.
Ruslan Məmmədov