Şirvan Şəhəri və Hacıqabul Rayonunda Təhsil İşçilərinin Sentyabr Konfransı Keçirilib

Şirvan şəhəri və Hacıqabul rayonunda yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərinin ənənəvi sentyabr konfransı təşkil olunub.

ELAZ.İNFO xəbər verir ki, tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rəvan Baxışov, idarənin struktur bölmə rəhbərləri, Hacıqabul Rayon İcra Hakimiyyətinin birinci müavini Saleh Ələskərov, təhsil sektorlarının müdirləri, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, metodistlər və qabaqcıl müəllimlər iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rəvan Baxışov pedaqoji heyəti yeni tədris ili münasibətilə təbrik edərək, ötən tədris ilinin nəticələri və qarşıda duran vəzifələrdən danışıb. Müasir təlim metodlarından istifadə, məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi və təhlükəsiz təhsil mühitinin yaradılması əsas prioritetlər kimi göstərilib.

Konfransda məktəblərin özünüqiymətləndirməsi, SWOT təhlillərinin nəticələri, dərsdinləmələr, zəif nəticə gösterən şagirdlərlə iş və müəllimlər arası təcrübə mübadiləsi geniş təhlil olunub. IV və VI siniflər üzrə monitorinq nəticələri, habelə IX və XI siniflər üzrə buraxılış imtahanlarının dinamikası əvvəlki tədris ili ilə müqayisəli şəkildə təqdim edilib. Rayon və şəhər üzrə məktəbəqədər təhsildə əhatəlilik göstəriciləri və məktəbdənkənar müəssisələrin fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb. Konfransın ikinci günündə müvafiq fənlər və qruplar üzrə panel müzakirələrinin keçirilməsi nəzərdə tutulub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın