Ukrayna Prezidenti Ofisinin keçmiş ştatdankənar müşaviri Oleksiy Arestoviç (Rusiyada terrorçu və ekstremistlər siyahısına salınıb) Rusiya məhkəməsi tərəfindən qiyabi olaraq 11 il azadlıqdan məhrum edilib.
ELAZ.İNFO xəbər verir ki, İkinci Qərb Dairə Hərbi Məhkəməsinin çıxardığı qərara əsasən, Arestoviç terrorçuluğa çağırışlarda və Rusiya ordusu haqqında saxta məlumatlar (feyk) yaymaqda təqsirli bilinib. Cinayətlərin məcmuinə əsasən, Arestoviçə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Cəzanın ilk 3 ili həbsxanada, qalan hissəsi isə ümumi rejimli islah koloniyasında çəkilməlidir. Həmçinin ona 4 il müddətinə internet resurslarını və sosial şəbəkə kanallarını idarə etmək qadağan edilib. Rusiya Baş Prokurorluğunun məlumatına görə, Arestoviç 2022-ci il martın 17-də Rusiya qoşunlarının təchizatında istifadə olunan dəmir yollarının sıradan çıxarılması (terrorçuluq) çağırışı edib. 2022-ci il aprelin 8-də isə Kramatorsk dəmir yolu vağzalının guya Rusiya Silahlı Qüvvələri tərəfindən atəşə tutulması barədə yalan məlumat yaymaqda ittiham olunub.Qərar hələ hüquqi qüvvəyə minməyib və apellyasiya qaydasında şikayət edilə bilər.
Ruslan MƏMMƏDOV


