Baharın gəlişi təbiətin oyanışı olsa da, minlərlə insan üçün bu dövr asqırma, göz yaşarması və nəfəs darlığı ilə müşayiət olunan ağır sınaq deməkdir. Tibb mütəxəssisləri mövsümi allergiyanın (pollinoz) sadə bir narahatlıq deyil, müalicə olunmadıqda ciddi fəsadlara yol açan bir xəstəlik olduğu barədə xəbərdarlıq edirlər.
ELAZ.İNFO xəbər verir ki, pollinoz orqanizmin bitki tozcuqlarına verdiyi kəskin immun reaksiyadır. İndi bahar allergiyasını adi soyuqdəymə ilə qarışdıranlar bir məqama diqqət etsinlər ki, pollinoz zamanı temperatur yüksəlsə də, burun ifrazatı qatılaşmır və proses birbaşa bitkilərin çiçəkləmə dövrü ilə (mart-iyun) üst-üstə düşür. Mütəxəssislər bildirirlər ki, vaxtında qarşısı alınmayan allergiya zamanla bronxial astmaya və ya polivalent allergiyaya (bir neçə qıcıqlandırıcıya eyni vaxtda reaksiya) çevrilə bilər.
Müasir tibb artıq sadəcə simptomları yatırtmaqla kifayətlənmir. ASİT (Allergen-Spesifik İmmunoterapiya) üsulu ilə xəstəyə kiçik dozalarda allergen yeridilir ki, bu da bir növ “peyvəndləmə” effekti yaradaraq orqanizmi həmin maddəyə öyrədir. Həmçinin, 2026-cı ildən etibarən tozcuqlara qarşı daha effektiv olan yeni nəsil vaksinlərin kütləvi istifadəyə verilməsi gözlənilir. Allergiyadan qorunmaq üçün pəncərələri qapalı saxlamaq, hava təmizləyicilərdən istifadə etmək və xüsusilə ağcaqayın (beryoza) və qızılağacın çiçəklədiyi günlərdə çöl fəaliyyətini minimuma endirmək tövsiyə olunur. Unutmayın ki, tozcuqlar küləklə yüzlərlə kilometr məsafəyə yayıla bilir, ona görə də fərdi profilaktika ən etibarlı yoldur.
Ruslan Məmmədov