İslamabadda keçirilən ABŞ və İran danışıqlarında hər iki rəqib masada qalib tərəf kimi əyləşməyə çalışırdı. Baxmayaraq ki, 40 gün müddətində cərəyan edən müharibədə ABŞ və İsrail hərbi cəhətdən daha güclü, İran isə müqavimətini davam etdirib psixoloji baxımdan üstün olsa da, strateji cəhətdən məğlub tərəfdir.
ELAZ.İNFO politoloq Vüqar Dadaşovun fkirlərini təqdim edir. Təbii ki, tərəflərin bir-birini qalib elan etməklə masaya oturmasından heç bir nəticə ola bilməzdi. Həmçinin ABŞ və İsrailin qarşısına qoyduğu hədəflər tam əldə edilmədiyindən, müharibənin bu və ya digər formada yekunlaşacağı şübhə doğururdu. Ona görə də ziddiyyətli mövqelərdə olan İran və ABŞ tərəflərinin İslamabadda danışıqlar masasında nəticələr əldə edəcəyinə inam öncədən az idi. Ancaq bu da məlumdur ki, bir gün ərzində tərəflərin razılığa gəlməsi, müəyyən nəticələrin əldə olunması mümkün deyildi.
Hərçənd ki, ABŞ nümayəndə heyətinin başçısı vitse-prezident De Vensin görüşdən sonra Vaşinqtona qayıtması, Uitkovun isə İslamabadda qalması; eyni ilə İranın nümayəndə heyətinin başçısı Qalibafın Tehrana qayıtması, xarici işlər naziri Araqçinin isə İslamabadda qalması danışıqların davam etdirilməsi qənaətini ortaya qoyur.
Baş tutmayan razılaşmalardan sonra ABŞ-ın Hörmüz boğazını bloklaması ilə bağlı addımları gözlənilən idi – İranın Hörmüzlə bağlı gedişlərinə adekvat və asimmetrik cavab kimi. Məlumdur ki, ABŞ və İsrail bu müharibədə fərqli məqsədləri hədəfləyib. İsrail İranın özünü hədəfə götürdüyü halda, ABŞ isə İranla Çini məhdudlaşdırmağa çalışırdı. Və son məlumatlara görə, artıq Çin üçüncü ölkələr vasitəsilə İranın hərbi texnologiya və hərbi sursatla təminatını daha da gücləndirməyə başlayıb.
Müharibənin davam etmə ehtimalı daha yüksəkdir; proses də strateji baxımdan İranın məğlubiyyətini geriyə dönməz nəticəyə aparır. İranın belə bir vəziyyətdə qalib buraxılması mümkün deyil.
Məlumatlara görə, NATO dövlətlərinin İranın Hörmüzdə etdiyi hərbi qapatma hərəkətinə qarşı analoji bloklama məqsədilə razılığa gəldiyi deyilir. Hörmüz boğazının İranın əlində qlobal təsirə malik hərbi və iqtisadi vasitə kimi saxlanılması geosiyasi arxitekturayı dəyişmək imkanını saxladığından, onun İranın əlindən çıxarılması, hətta Hörmüz ətrafı ərazilərdə müəyyən bufer zonasının yaradılması indi əsas hədəfə çevrilib.
Əlbəttə ki, İran vəziyyətdən çıxış üçün, müəyyən mənada, ən azı danışıqlar imitasiyası yaratmaqla vaxt qazanaraq müəyyən nəticələr əldə edə bilərdi. Danışıqlar isə İran barədə verilmiş son qərara təsir etməyəcək. Artıq proses İran üçün geriyə dönməz nəticələrə aparır.
Vüqar Dadaşov