Masallı şəhərinin ən işlək yollarından biri olan Bakı prospektində gecə vaxtı hərəkətin təhlükəsizliyini artırmaq məqsədilə genişmiqyaslı işıqlandırma işləri aparılıb.
ELAZ.İNFO xəbər verir ki, Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində prospekt boyunca yeni işıq dirəkləri quraşdırılıb, mövcud xətlər bərpa olunaraq istifadəyə verilib. İndi şəhər infrastrukturunun yalnız mərkəzi binalardan ibarət olduğunu düşünənlər bir məqama diqqət etsinlər ki, müasir işıqlandırma sistemi təkcə estetik görünüş deyil, həm də cinayətkarlığın qarşısının alınması və yol qəzalarının minimuma endirilməsi üçün strateji əhəmiyyət daşıyır.
Görülən işlər nəticəsində həm piyadaların, həm də sürücülərin gecə saatlarında hərəkəti daha rahat və təhlükəsiz formaya salınıb. Eyni zamanda, bu yenilik Bakı prospektinin ümumi görünüşünü müasir şəhər standartlarına uyğunlaşdırıb. Masallı MKTİB-dən verilən məlumata görə, bu cür abadlıq işləri rayonun digər küçə və prospektlərində də mərhələli şəkildə davam etdiriləcəkdir.
Ruslan Məmmədov