Mətbəxlərimizin vazkeçilməz ətriyyatı olan darçın, təkcə dadı ilə deyil, həm də dərini gəncləşdirmə xüsusiyyəti ilə kosmetologiyada inqilab yaradır. Qan dövranını sürətləndirən bu təbii vasitə dərinin kollagen istehsalını stimullaşdıraraq qocalma prosesini ləngidir.
ELAZ.İNFO xəbər verir ki, darçın dəri toxumalarını qızdıraraq hüceyrələrə birbaşa oksigen axınını təmin edir. Güclü təbii antiseptik olan bu ədviyyat bakteriyaları məhv edir, səpkiləri aradan qaldırır və ölü hüceyrələri təmizləyərək dərini yeniləyir. İndi bahalı kosmetik prosedurların yeganə çıxış yolu olduğunu düşünənlər bir məqama diqqət etsinlər ki, düzgün tətbiq olunan darçın maskaları dərinin elastikliyini bərpa edir və solğun rəngi anındaca yox edir.
Effektiv nəticə üçün ev şəraitində bu maskaları hazırlaya bilərsiniz:
Gəncləşdirici maska: Üçdə bir bananı əzin və 1/4 çay qaşığı darçınla qarışdırın. Banan dərini qidalandırır, darçın isə yenilənməni sürətləndirir.
Piqment ləkələrinə qarşı: 1 xörək qaşığı bal və 1 çay qaşığı darçını qarışdırın (istəyə görə bir az qatıq əlavə etmək olar).
Parlaqlıq üçün: 1 xörək qaşığı xama, 1 çay qaşığı darçın və bir neçə damcı zeytun yağı qarışığı dəriyə ani təravət bəxş edir.
Vacib xəbərdarlıq: Darçın çox güclü vasitə olduğu üçün istifadə etməzdən əvvəl mütləq bilək nahiyəsində allergiya testi edin. Maskanı üzdə 10-20 dəqiqədən artıq saxlamayın və həftədə cəmi 1-2 dəfə tətbiq edin. Həssas dərisi olanlar miqdarı yarıbayarı azaltmalıdırlar.
Ruslan Məmmədov