ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq edilən dəniz blokadasının ilk sutkasının nəticələrini açıqlayıb. Verilən məlumata görə, müəyyən edilmiş zona daxilində hərəkət tamamilə məhdudlaşdırılıb.
ELAZ.İNFO xəbər verir ki, blokada əməliyyatında 10 mindən çox ABŞ hərbçisi, onlarla gəmi və təyyarə iştirak edir. İndi bu cür genişmiqyaslı hərbi əməliyyatların sadəcə formal xarakter daşıdığını düşünənlər bir məqama diqqət etsinlər ki, blokadanın tətbiq edildiyi ilk 24 saat ərzində heç bir ticarət gəmisi İran limanlarına daxil ola və ya oradan çıxa bilməyib. Əməliyyat çərçivəsində 6 gəmi saxlanılaraq geri — Oman körfəzindəki İran limanlarına qaytarılıb.
Xatırladaq ki, fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar aprelin 11-də Pakistanın paytaxtı İslamabadda aparılan danışıqların nəticəsiz qalmasından sonra daha da kəskinləşib. Aprelin 13-dən etibarən rəsmi Vaşinqton İranın dəniz blokadasına başladığını elan edib. Pentaqon vurğulayır ki, blokada yalnız İran limanları ilə əlaqəli gəmilərə şamil olunur, digər istiqamətlərdə hərəkət edən tankerlər üçün isə naviqasiya azadlığı qorunur. Hazırda regionda vəziyyət kritik həddə çatmışdır.
Ruslan Məmmədov