ELAZ.İNFO xəbər verir ki, Cahan xanım Talışinskaya 1909-cu ildə fevral ayının 9-da Lənkəran şəhərində anadan olmuşdur. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım “Yeni yol” qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan qızlar seminariyasına qəbul olundu və eyni zamanda musiqi və vokal ilə marağlanırdı. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə, – istər qarmon, istər fleyta, istər qaval olsun, – necə asanlıqla çalmağından danışır.
Seminariyada oxuduğu illərdə Cahan xanım o dövrdə Əli Bayramov adına klubun nəzdində təşkil olunmuş bədii özfəaliyyət dərnəyində iştirak etməyə başladı. 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işə daxil olur, sonra Dövlət estradası və nəhayət 1934-cü ildən Azərbaycan Dövlət filarmoniyasının solisti olur. Bu dövr Cahan Talışinskayanın həyatında yaradıcılıq yüksəlişi idi. Onun adı musiqisevərlərin və mütəxəssislərin dilindən düşmürdü.
Onun sənətinin nə qədar güclü tə sir buraxmağına bir hadisə misal ola bilər. 20-ci illərin axırı – 30-cu illərin əvvəlində Bakıya Avropaya səfərə hazırlaşan Əfqanıstan şahı Əmənulla xan gəlmişdir. Bu yüksək qonağın şərəfinə qonaqlıq verilir və bundan sonra konsert proqramı göstərilir. Konsertdə iştirak etmək üçün Cahan Talışinskayanı dəvət edirlər. Konsertdən sonra şahın xanımı minnətdarlıq əlaməti kimi qızıl qol saatını Cahan xanıma hədiyyə etdi.
Azərbaycanın xalq artisti Bəhram Mansurov xatirələrinin birində C. Qaryağdı, X. Şuşinski, H. Sarabski, Yavər və Münəvvər Kələntərli, Cahan Talışinskayanın birlikdə oxuduqları Qarabağ şikəstəsinin ifası haqqında danışırdı. Bahram Mansurovun sözlərinə görə, bu əsərin belə görkəmli artistlər tərəfindən birlikdə ifası dinləyicilərə təsiri dəfələrlə gücləndirirdi. Bundan əlavə, o dövrdə Cahan xanım özünü istedadlı folklorist kimi göstərmişdir. Çox az adama məlumdur ki, “Qubanın ağ alması”, “Uca dağlar”, “Dəli Ceyran”, “Kürdün gözəli” kimi bir çox populyar xalq mahnıları məhz ilk dəfə onun ifasından yazılmış və ifa edilmişdir: bu mahnıları Azərbaycanın rayonlarına etdiyi qastrol səfərlərində toplamış, bütün vasitələrdən istifadə edərək yeni melodiyaları yadda saxlayaraq onu dinləyicilərə oluğu kimi çatd ırırdı. Belə ki, müğənninin oğlunun xatirələrinə görə, Cahan xanım bu mahnılardan bəzilərini ücqar dağ rayonlarında, çay qırağında paltar yuyan bir qadından eşitmiş və yazmışdır. İndi məşhur “Qubanın ağ alması” mahnısını isə ona akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı Reyhan xanım oxumuşdur.
1937-ci ildə bacısı Sitarə xanımın əri şərqşünas-türkoloq Xalid Səid Xocayev və Sitarə xanım özü də həbs edilmişdi. Cahan xanım heç nədən çəkinməyərək bacısının qızı Bəhicəni öz evində saxlayır. O, başqa bacısı Bilqeyis xanıma da kömək edir. Bilqeyis xanımın da əri həbs edilmişdi. O, bacısı oğlu Hüseynə də köməklik göstərirdi. Cahan xanımın keçmiş əri Məmməd Hacıbəyov və qardaşı Rüstəm Talışinski də həbs edilmişdi.
Lakin Cahan Talışinskayanın da başının üstünü qara buludlar aldı. NKVD-də ( НКВД – Народный комиссариат внутренних дел) gizli əməkdaşlıq etməyə razılıq vermədiyinə görə Cahan xanıma 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənət ongünlüyükdə iştirak etməyə icazə vermədilər. Onun adı iştirak edənlərin siyahısından silinmişdi. Buna baxmayaraq 1939-cu ildə estrada artistlərinin Birinci Ümumittifaq müsabiqəsinə yollandı. Burada münsiflər heyətinin sədri L. Utyosov, münsiflər heyətinin üzvləri isə – I. Dunayevski, Smirnov-Sokolski, Irma Yaunzem idilər. O, Klavdiya Şulcenko, Olqa Lepeşinskaya və Tamara Sereteli ilə yanaşı bu müsabiqənin laureatı oldu. 1940-cı ildə Cahan Talışinskaya respublikanın əməkdar artisti adını aldı. 33 yaşında o, artıq yaradıcılığının yüksək zirvəsinə çataraq xalq tərəfindən sevilirdi.
1942-ci ildə onu 14 yaşlı oğlu ilə birlikdə yalançı donos nəticəsində Qazaxıstanın Petropavlovsk rayonuna sürgün etdilər. “Xalq düşmənləri” adı altında ona orada (1942-ci ilin avqust ayına qədər) güclü nəzərətdə oldular. Bir sıra xahiş ərizələrindən sonra Cahan xanım Özbəkistanın Çimkənt şəhərinə köçməyə icazə aldı. Lakin bunun əvəzində o Daşkəndə köçdü və oğlu Nazimi Bakıya öz qardaşı məşhur professor-travmatoloq Əbülfət Talışinskinin yanına göndərdi.
Daşkənddə Cahan xanım şəhər filarmoniyasında solist ifaçı kimi çalışmağa başladı. Şübhəsiz, gənc qadın oğlunun, vətənin, qohumlarının həsrətini çəkirdi. Vətənə bir qədər yaxınlaşmağa Cahan xanıma bir təsadüfi hadisə kömək etdi. 1943-cü ildə Daşkəndə SSRI Xalq komissarlığı nəzdində yerləşən musiqi idarələrinin başçısı V. Surin gəlmişdi. O müəyyən bir vaxta Ümumittifaq estrada artistlərinin musabiqəsində münsiflər heyətinin üzvü idi. Həmin müsabiqədə Cahan xanım laureat adına layiq görülmüşdür. O, Cahan xanımı tanıyır, onunla söhbət etdikdən sonra Tbilisi şəhərində incəsənət işləri üzrə idarəyə təyinat verir. Beləliklə Cahan xanım Tbilisi şəhərində Azərbaycan teatrının səhnəsinə qayıdır. Burada o (“Leyli və Məcnun”), Telli (“Arşın mal alan”) (“Əsli və Kərəm”), Şahsənəm (“Aşıq Qərib”) rollarında iştirak edir və müvəffəqiyyət qazanır. Lakin Bakıda NKVD təşkilatı Tbilisiyə məktub göndərir və bu məktubda Cahan xanımın yenidən Orta Asiyaya sürkün edilməsi məsələsini qaldırır. Onu bu dəfə keçmişdə Bakıda yaşamış Zaqafqaziya hərbi şurasının üzvü, SSRi deputatı Xavər Vəliyev xilas edir. Onun köməkliyi ilə Cahan xanım Tiflisdə qalır və bir çox xahişdən sonra nəhayət Vətənə qayıdır. Həmin dövrdə musiqi teatrının direktoru və bədii rəhbəri Şəmsi Bədəlbəyli onu Teatra dəvət edir. Cahan xanımın parlaq komediya aktrisa istedadı bir daha özünü büruzə verir. Onun təbiətində olan şən əhvali-ruhiyyə yenidən canlanır. Deyilənə görə, tamaşaçılar o dövrdə musiqili komediya teatrına “Talışinskayanın teatrı” adı ilə gedirdilər. Onun “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Gözün aydın”, “Durna” operettalarında yaratdığı Telli, Sənəm, Nargilə, Lalə obrazları o qədər parlaq və yadda qalan idi ki, tamaşaçılar onu səhnəyə dəvət edir, hətta, mahnı və ariyaları bir neçə dəfə ifa etməsini tələb edirdilər. Sənəm rolunun ifası zamanı Segah muğamı üzərində edilən improvizə zalda gürultulu alqışlara səbəb olurdu. Qeyd etmək lazımdır ki, Cahan xanımın ifa etdiyi bəzi rollarını o vaxtı gənc aktrisa Nəsibə xanım Zeynalova dublyaj edirdi.
1949-cu ildə repressiya və sürgünlərin yeni dalğası başlanır. Yenidən Cahan Talışinskaya oğlu ilə Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə Stalinin ölümündən və M. C. Bağırovun həbsindən sonra Cahan xanımın və onun oğlunun azad olunması barədə qərar qəbul olunur. Cahan xanım Daşkənddə yaşamağı davam edir. O demək olar ki, işləmirdi, lakin hər ay radioda onun konsertləri səslənirdi. Daşkəndə oğlu evlənir, nəvələri dünyaya gəlir. Onlar tez-tez Bakıya qohumlarını görməyə gəlirdilər. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ onların Vətənə qayıtmağına təkan verdi. Daşkənddə onların yaşadığı ev tamamilə uçulur və təsadüf nəticəsində sağ qalan Cahan xanım və ailəsi təcili Bakıya qayıdırlar. Cahan xanım bir il sonra 1967-ci ildə vəfat edir. Pianoda çalıb oxuduğu zaman paraliç nəticəsində həyatını dəyişir. Bundan sonra uzun illər vaxtaşırı radioda onun konsertlərinin lent yazıları səslənirdi. Axırıncı dəfə onun səsi televiziya ilə ömrünün ildönümü münasibətilə səslənmişdir
Ruslan MƏMMƏDOV