Salyan rayonunun təhsil ocaqları növbəti uğura imza atıb. Respublika Fənn Olimpiadalarının gərgin keçən mərhələlərini uğurla geridə qoyan gənc istedadımız rayonun təhsil potensialını bir daha nümayiş etdirib.
ELAZ.İNFO xəbər verir ki, Salyan rayonu S.Cəfərov adına Yenikənd kənd tam orta məktəbinin şagirdi Cəfərov Ucal Fikrət oğlu Respublika fənn olimpiadası çərçivəsində yüksək nəticə göstərərək final turuna vəsiqə qazanıb. İndi kənd məktəblərində rəqabətin zəif olduğunu düşünənlər bir məqama diqqət etsinlər ki, Ucalın bu uğuru düzgün təhsil mühiti və şagird əzminin birləşdiyi yerdə məkanın fərqi olmadığını, kənd məktəblərinin də respublika səviyyəli zirvələri fəth edə bildiyini sübut edir.
Məktəb rəhbərliyi və müəllim kollektivi şagirdin bu nailiyyətini böyük sevinclə qarşılayıb, onu təbrik edərək final mərhələsində də uğurlar arzulayıblar. Qeyd edək ki, Respublika Fənn Olimpiadaları uşaqların istedadının üzə çıxarılması və gələcək akademik inkişafı üçün ölkənin ən nüfuzlu bilik yarışlarından biri hesab olunur.
Ruslan Məmmədov