Azərbaycanda sənədsiz fərdi yaşayış evlərinin kommunal xidmətlərlə təminatı məsələsi yenidən ölkə gündəminin ən qaynar mövzusuna çevrilib. Rəsmi qurumlar qanunvericiliyin tələblərini ön plana çəksə də, parlament səviyyəsində bu yanaşmanın sosial fəsadları barədə ciddi xəbərdarlıqlar edilir.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov sənədsiz tikililərə su və digər kommunal xidmətlərin göstərilməsinin nəzərdə tutulmadığını qəti şəkildə bəyan edib. İndi illərdir yaşadığı evin sənədsiz olmasına baxmayaraq xidmət alacağını düşünənlər bir məqama diqqət etsinlər ki, rəsmi mövqe bu cür tikililəri qeyri-qanuni hesab edir və onların kommunikasiya sistemlərinə qoşulmasını düzgün saymır.
Lakin Milli Məclisin deputatı Razi Nurullayev bu yanaşmanı kəskin tənqid edərək, məsuliyyətin yalnız vətəndaşın üzərinə yüklənməsini ədalətsiz adlandırıb: “İllərlə həmin ərazilərə kommunikasiyalar çəkilib, dövlət qurumları bu tikintilərdən xəbərdar olub. İndi vətəndaşa ‘sənədsizdir, su vermirik’ demək onlara ağır psixoloji travma yaşatmaqdır. Vətəndaş dövlət qurumlarının vaxtında etmədiyi nəzarətin və səhvlərin yükünü daşımalı deyil”.
Deputat problemin həlli üçün çıxış yolunu ya evlərin kütləvi leqallaşdırılmasında, ya da söküntü qaçılmazdırsa, vətəndaşlara ədalətli kompensasiya ödənilməsində görür. Hazırda on minlərlə ailəni maraqlandıran bu məsələ həm hüquqi, həm də mühüm sosial problem kimi aktuallığını qoruyur.
Ruslan Məmmədov