-Sizə kimdən deyək, kimdən danışaq Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Viləşçay MTK-nın hərtərəfli fərasətli iş icraçısı İsrafil Hüseynovdan və onun həddindən artıq cəsarətli qızı, binanın keçmiş komendantı Ülviyyə Hüseynovadan.
Bu ata-bala mafiyası Heydər Əliyev 265-in sakinlərinə qan uddurur. Bina camaatının ah-naləsi göyə dirənib. İki ildir bina sakinləri rahatlıq, dinclik nədir bilmir. Bu ata-bala bu binanı sakinlərə zindan edib. Binadan ev aldıqlarına və bu ailə mafiyasını tanıdıqlarına görə sarsıntı içində yaşayan bina sakinlərinin artıq ümidləri bitib, tükənib.
Binada sakinlərin fəryadını eşidən, hadisələrin gedişini yaxından izləyən və yerində baxış keçirən Abşeron rayon Məhkəməsi ötən ilin payızında bu əzazil ailə mafiyasının binanın idarəçiliyindən uzaqlaşdırılması barədə qərar verdi. Lakin Ülviyyə Hüseynova –“məni buradan heç kim çıxara bilməz. Mənim binam mənim obyektimdir”- deyir. Ata İsrafil Hüseynov da qızından geri qalmadı, məhkəmənin qərarını qəbul etmədi. –“Onlar heç nədir.”- dedi.
Sumqayıt Apellyasiya Məhkəməsi də bina camaatının halına acıdı. Hakim İsrafil Hüseynovun iddiasına rədd cavabı verildi. Qətiyyətlə şifahi və yazılı olaraq, İsrafilin sülaləsinin binadan uzaqlaşmasını tələb etdi.
Bu məqamda bir parantez açmaq istəyirəm. Əslində Viləşçay MTK-nın rəhbəri İsrafil Hüseynovun oğlu İntiqam Hüseynovdur. İntiqam Hüseynov binaya və Ülviyyə Hüseynovaya yaxın gəlmir. Uzun müddət davam edən məhkəmə iclaslarına da heç vaxt yaxın gəlməyib. Həmişə onun yerinə atası gəlib. Yəni israfil.
Binada yaşayan İsrafil Hüseynov və qızı bina camaatı qarşısında guya hələ də binanı idarə etmək səlahiyyətini özündə saxladığını bağıra-bağıra izhar edir. Bina sakinlərini təzyiq, təsir altında saxlamaq üçün ofis tutublar və orada otururlar. Düz, bina sakinlərinin gediş-gəliş və nəzarət yolunun üstündə. Hegemonluq iddiası edən ata-bala buradan bina sakinlərinə iltumatum verir, söyüş, şantaj və təhdidlər edir.
İsrafil Hüseynov bildiyimə görə Xırdalanda 3 binanın tikintisində iştirak edib. Hər binaya da öz övladlarını komendat olaraq təhkim edib. Bir növ ailə mirası kimi. Bizim yaşadığımız binanı da Ülviyyəyə verib. Ona görə də Ülviyyə deyir ki, “bina mənim obyektimdir, binanı atam tikib, mənə verib”.
Yeri gəlmişkən onu söyləyim ki, bu ata-bala binanın etiraz edən sakinlərinə hərtərəfli hücum edirlər, söyürlər, onlara və ailələrinə zəng edib, hədə-qorxu dolu mesajlar yazırlar. Təzyiq və təhqir edirlər. İki məhkəmə qərarı ilə binanın idarəçiliyindən uzaqlaşdırılan ailə özfəaliyyətinin- keçmiş komendantı Ülviyyə Hüseynova iddia və hökmlərindən əl çəkmir, sakitləşmək bilmir. Bina sakinlərinin bir hissəsini təzyiq altında tutaraq, yalnız özünün yaza bildiyi bir bağlı votsap qrupu var. Ona qarşı çıxanların ailə məsələsini, şəxsiyyətini təhqir edərək, bu bağlı qrupda ağzına nə gəldi yazır. Bir sözlə, insanların şəxsi həyatına müdaxilə edir, təhqir edir, şantaj edir. Bununla əlaqədar əlimizdə çoxsaylı sübutlar var. Hətta bina sakinləri həm toplu, həm də fərdi şəkildə dəfələrlə 102 xidmətinə müraciət edib, Xırdalan şəhər Polis İdarəsinə şikayət ediblər. Dəfələrlə telekanallardan çəkilişlər dəvət olunub, KİV-də, social şəbəkələrdə, saytlarda bina sakinlərinin çoxsaylı narazılığı əks olunub. Nə hikmətdirsə, bu ailəyə heç kimin və heç bir qanunun gücü çatmır. Adamda belə təəssürat yaranır ki, İsrafil və qızı qanundan güclüdür.
Görünən odur ki, bu qanuna tabe olmayan, islah olmayan ailə özbaşınalıqlarını davam etdirməkdə israrlıdırlar. Onlar qanunlardan nəinki qorxmurlar, hətta qanuna tabe də olmurlar. Bu fikirləri onlar dəfələrlə ondan narazı sakinlərə təkrar-təkrar söyləyiblər və söyləməkdə də davam edirlər. Əcəba, bura dağ başıdır??? Bunlar cəngəllik, mənəm-mənəmlik qanunları ilə nə zamana qədər bizi idarə edəcəklər? Buradan aidiyyatı orqanlara üzümüzü tutub deyirəm:
-“Haray, haray, haray!!! Xahiş edirik, bu ailə mafiyasından bizi qurtarın”.
P.S. Mövzu öz həllini tapana qədərə silsilə şəklində davam edəcək...
İlahə BAYINDIR