Bakı və Abşeron yarımadasının əsas içməli su mənbəyi olan Ceyranbatan su anbarı ətrafındakı antisanitar vəziyyət və çirkab sularının anbara axıdılması iddiaları ölkə gündəmində ciddi rezonans doğurub.
ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev AzTV-nin yaydığı şok görüntülərə münasibət bildirərək, mövcud vəziyyəti dövlətin və xalqın təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib. İndi su anbarlarının yalnız texniki qurğu olduğunu düşünənlər bir məqama diqqət etsinlər ki, strateji su ehtiyatlarının çirkləndirilməsi kütləvi zəhərlənmə və yoluxucu xəstəliklər riski yaradan milli təhlükəsizlik problemidir.

Ehtiram Mehtiyev aidiyyəti qurumların “məlumatımız yoxdur” tipli bəyanatlarını kəskin tənqid edərək bildirib: “Milyonlarla insanın istifadə etdiyi suyun çirkləndirilməsi ilə bağlı rəsmi şəxslərin xəbərsizliyi vəzifə səhlənkarlığının pik nöqtəsidir. Bu, sadə bir kommunal nasazlıq deyil, insanların sağlamlığına qarşı qəsddir”. MCP rəsmisi məsələnin dərhal dövlət nəzarətinə götürülməsini, laboratoriya nəticələrinin şəffaf şəkildə ictimaiyyətə açıqlanmasını və təqsirkar şəxslərin qanun qarşısında ən ağır şəkildə cavab verməsini tələb edib. Partiya rəhbərliyi məsələnin deputat Razi Nurullayevin nəzarəti ilə parlament səviyyəsində diqqətdə saxlanılacağını vurğulayıb.
Ruslan Məmmədov