Masallı rayonunda şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması istiqamətində növbəti addım atılıb. Xırmandalı kəndində şəhid qardaşı üçün inşa edilən fərdi yaşayış evində işlərin son vəziyyəti yoxlanılıb.
ELAZ.İNFO xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Birinci Qarabağ müharibəsi şəhidi Rüstəm Qasımovun qardaşı üçün tikilən evə baxış keçirib. İndi şəhid ailələrinə göstərilən dəstəyi sadəcə rəsmi vəzifə hesab edənlər bir məqama diqqət etsinlər ki, bu cür layihələr xalqımızın öz qəhrəmanlarına olan mənəvi borcunun və dövlətin vətəndaşına sahib çıxmasının ən ali nümunəsidir.
Tikinti meydançasında aparılan müşahidələr zamanı işlərin müəyyən olunmuş qrafik üzrə sürətlə davam etdirildiyi və keyfiyyət standartlarına ciddi əməl olunduğu bildirilib. Rayon rəhbəri şəhid ailələrinin hər zaman diqqət mərkəzində olduğunu vurğulayaraq, evin qısa müddətdə və yüksək keyfiyyətlə təhvil verilməsi üçün aidiyyəti üzrə konkret tapşırıqlar verib. Qeyd edək ki, rayon ərazisində bu qəbildən olan işlər mərhələli şəkildə davam etdirilir və hər bir müraciət fərdi qaydada araşdırılaraq həllini tapır.
Ruslan Məmmədov