Trampın zarafatı, yoxsa mətbuata verilən mesaj?

ELAZ.İNFO xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livittin avqust ayında istefasından sonra Donald Tramp bu vəzifə ilə bağlı diqqətçəkən bir paylaşım etdi. Noyabrın 7-də o, UFC prezidenti Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini bildirdi. Üstəlik, Həbib Nurmaqomedov, İslam Maxaçev, Castin Qeysi, Daniel Kormye və digər döyüşçülərin də onun komandasına qoşula biləcəyini yazdı.
Paylaşım ilk baxışdan zarafat təsiri bağışlasa da, ABŞ mediasında iki gün ciddi müzakirə olundu. Dana Uaytın təklifi qəbul edib-etməyəcəyi barədə müxtəlif xəbərlər yayıldı. Noyabrın 9-da isə Tramp bunun zarafat olduğunu açıqladı və süni intellekt vasitəsilə hazırlanmış animasiyanı paylaşdı.
Animasiya əslində sadəcə yumoristik video deyil, Trampın siyasi rəqiblərinə və tənqidi mediaya münasibətinin satirik təsviridir. Videoda jurnalistlər prezidentə suallar ünvanlayır, Dana Uayt isə cavab vermək əvəzinə döyüşçüləri onların üstünə göndərir. Demokratiya, təhlükəsizlik, gender və siyasi rəqiblərlə bağlı suallar zorakılıq səhnələri ilə müşayiət olunur. Sonda isə bütün bunlar «əsasən dinc şəraitdə keçən brifinq» kimi təqdim edilir.
Məhz bu ziddiyyət videonun əsas ironiyasıdır: jurnalistlərin sual vermək hüququnun zorakılıqla susdurulması «nizam-intizam» və «sakitlik» adı altında göstərilir. Trampın animasiyanı öz hesabında paylaşması isə zarafatın siyasi məna daşıdığını daha da qabardır.
Əlbəttə, bunu real hadisə kimi qəbul etmək olmaz. Söhbət süni intellektlə hazırlanmış satirik səhnədən gedir. Ancaq bir dövlət başçısının mətbuatı və jurnalistləri bu cür təsvir edən məzmunu paylaşması da adi yumor məsələsi deyil. Çünki demokratik cəmiyyətdə hakimiyyətin tənqidə münasibəti onun siyasi mədəniyyətinin mühüm göstəricisidir.
Tramp zarafat etdiyini deyə bilər. Amma ortaya çıxan sual dəyişmir: Jurnalistin işi sual verməkdir, yoxsa hakimiyyətin xoşuna gələn cavabları eşitdirmək?
Və bütün bu səhnəni süni intellektlə hazırladıb paylaşan dünyanın ən güclü dövlətinin prezidentidir…
Asif ŞƏFƏQQƏTOV




