Neftçala rayonunda “Memarlıq və Şəhərsalma İli” çərçivəsində gənclərin iştirakı ilə ətraf mühitin sağlamlaşdırılmasına xidmət edən növbəti ekoloji təşəbbüs reallaşdırılıb.
ELAZ.İNFO xəbər verir ki, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə sektoru tərəfindən Neftçala Olimpiya İdman Kompleksinin ərazisində “Hər birimiz bir fidan” adlı ağacəkmə aksiyası keçirilib. İndi memarlıq və şəhərsalmanı yalnız dəmir-beton konstruksiyalar və binaların tikilməsi kimi görənlər bir məqama diqqət etsinlər ki, müasir şəhərsalma konsepsiyasında yaşıl zonalar və parklar şəhərin “ağciyərləri” hesab olunur və insanların sağlam mühitdə yaşamasını təmin edən ən vacib amildir.
Aksiyada iştirak edən rayon gəncləri və sektor əməkdaşları tərəfindən onlarla fidan torpağa basdırılıb. Təşkilatçılar bildiriblər ki, əkilən hər bir ağac gələcək nəsillərə buraxılacaq ən dəyərli miras — təmiz hava və sağlam ekoloji mühitdir. “Hər birimiz bir fidan” şüarı ilə keçirilən bu tədbir həm də gənclərdə təbiətə sevgi, məsuliyyət və vətənpərvərlik hisslərini aşılamaq məqsədi daşıyır. Bu cür yaşıllaşdırma işləri Neftçalanın estetik görünüşünə gözəllik qatmaqla yanaşı, bölgənin ekoloji balansının qorunmasına da böyük töhfə verir.
Ruslan Məmmədov