Azərbaycanda gender siyasətinin səmərəli həyata keçirilməsi və idarəetmə orqanlarında bu sahə üzrə koordinasiyanın gücləndirilməsi məqsədilə genişmiqyaslı təlim proqramına start verilib.
ELAZ.İNFO xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin təkmilləşdirilməsi və effektiv koordinasiya” mövzusunda təlimlərin ilk günü uğurla başa çatıb. İndi gender məsələlərini sadəcə qadın hüquqları ilə məhdudlaşdıranlar bir məqama diqqət etsinlər ki, bu təlimlər həm dövlət, həm də özəl sektorda kişi və qadınlar üçün bərabər imkanların yaradılması, iş mühitində ayrı-seçkiliyin aradan qaldırılması və qərarların qəbulu prosesində gender balansının qorunması üçün peşəkar mexanizmlərin qurulmasını hədəfləyir.
Təlimlərin ilk mərhələsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edərək, regional səviyyədə gender siyasətinin tətbiqi yollarını öyrəniblər. Proqramın əhatə dairəsi kifayət qədər genişdir: 16 aprel: Bank sektorunun məsul şəxsləri üçün təlimlər keçiriləcək. 17 aprel: Özəl şirkətlərin nümayəndələri proqrama cəlb olunacaq.
Bu cür sistemli yanaşma Azərbaycanda gender bərabərliyi haqqında qanunvericiliyin icrasını sürətləndirməklə yanaşı, həm də korporativ mühitdə beynəlxalq standartların tətbiqinə böyük töhfə verir. Effektiv koordinasiya sayəsində müxtəlif qurumlar arasında təcrübə mübadiləsi təmin ediləcək ki, bu da cəmiyyətin sosial inkişafına birbaşa təsir göstərəcək.
Ruslan Məmmədov