Pərdəarxası diplomatiya öz sözünü deyib

Pakistanın vasitəçiliyi ilə keçirilən ilk ABŞ-İran danışıqlarının konkret nəticə olmadan yekunlaşması gözlənilən idi. Belə ki, danışıqlardan əvvəl hər 2 tərəf ayrı-ayrılıqda özlərini qalib hesab edərək maksimalist tələblər irəli sürmüşdü. Eyni zamanda hər 2 tərəf öz tələblərinin qəbul olunmayacağı təqdirdə digər tərəfə hədə-qorxu gəlməyi də tirajlayırdı. Görüşdən sonra da tərəflərin açıqlamalarında ziddiyyətli məqamlar çox idi.

Adətən bir-birini üzün müddət qəbul etməyən və vasitəçilərin köməyi ilə danışıqlar masasına oturan tərəflər arasındakı ziddiyyətləri aradan qaldırmaq və mövqeləri uzlaşdıraraq yekun nəticəyə gəlmək ilk görüşdə və danışıqlarda mümkün olmur. İlk danışıqlar tərəflər bir qayda olaraq öz mövqelərini qoruyub saxlamaq, digər tərəfin isə arqumentlərini mübahisələndirmək xarakteri daşıyır. Bu baxımdan İslamabadda ABŞ-İran danışıqlarının birinci raundunda yekun razılaşma olacağını güman etmək sadəlövhlük olardı.

ABŞ–Iran danışıqları ilə bağlı Trumpın son açıqlaması bir neçə cəhətdən dəyərləndirilə bilər:

Birincisi, bu danışıqlar İrana, ABŞ-ın daxilinə, müttəfiqlərinə, bütövlükdə dünyaya ünvanlanan mesaj hesab oluna bilər. Trump bununla ABŞ-ın əlavə şərtlər olmadan danışıqları davam etdirməyə hazır olduğunu bildirmək istəyir. Trampın danışıqların birinci raundundan sonra istədiyi halda İranı çox qısa müddətdə – bir gündə, bir saatda məhv edə biləcəyi barədə bəyanatından bir qədər sonra Hürmüz boğazını blokadaya almaq və boğazdan açıq dənizə çıxan İran gəmilərini məhv etmək barədə fikir bildirməsi sərt müharibə ritorikasının nisbətən mülayim ritorika ilə əvəzləndiyini deməyə əsas verir. Lakin Hürmüz boğazını blokadaya alınması həm də İrana qarşı təzyiq və hədə qorxu vasitəsilə onu danışıqların davam etdirilməsinə məcbur etmək mexanizmi kimi də qiymətləndirilə bilər.

Məlumdur ki, İranla müharibəyə qarşı ABŞ daxilində və onun müttəfiqləri arasında etirazlar güclənir. Amerika cəmiyyəti Venesuelada olduğu kimi qısamüddətli hərbi əməliyyatları bəyənsə də, uzunmüddətli müharibə aparılmasına tam tərəfdar deyil və İranla müharibənin hər gününün vergi ödəyicilərinə milyardlarla dollara başa gəlməsinin fərqindədir. Həm də nəzərə alınmalıdır ki, noyabrda ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Trump bu seçkilərə qədər özünün və mənsub olduğu Respublikaçılar Partiyasının nüfuzunu daha da qaldırmaq və seçkilərdə qələbə qazanmaq üçün daxili auditoriyaya, Amerika seçicilərinə yönəlik siyasətə üstünlük verməlidir. Müharibənin davam etməsi həm Trumpun özünün, həm də respublikaçıların reytinqinə məni təsir edə bilər.

ABŞ-ın müttəfiqləri olan Avropa ölkələrinin əksəriyyəti də enerji təhlükəsizliyi və iqtisadi maraqlar baxımında müharibənin davam etməsinə tərəfdar deyillər. Müharibənin davam etməsi yalnız İsrailin maraqlarına uyğundur. Və ABŞ dövlət mexanizmi Avropa müttəfiqlərini İsrailin maraqlarına qurban vermək istəməz. Ona görə də Trumpın bəyanatı ABŞ-ın müharibəni yox, diplomatik danışıqlara üstünlük verdiyinə dair, bir tərəfdən daxili auditoriyaya, digər tərəfdən isə öz müttəfiqlərinə ünvanlanan mesaj kimi də qəbul edilə bilər.

İkincisi, Trumpun bəyanatı taktiki gediş kimi də qiymətləndirilə bilər. Belə ki, Trump qabaqcadan proqnozlaşdırılası çətin olan siyasətçilərdəndir. İstənilən an söylədiyi fikrə qarşı diametral əks mövqedən çıxış edib qərarlar qəbul edə bilər. Bu baxımdan bu bəyanatın müəyyən bir manevr olduğunu, sonradan İranı ittiham edərək müharibənin davam etdirilməsinə hazırlıq üçün vaxt qazanmaq niyyətilə verildiyini də ehtimal etmək mümkündür.

Üçüncüsü, Trampın yaxın 2 günlə bağlı açıqlaması publik qarşılıqlı ittihamlara baxmayaraq pərdəarxası diplomatik fəaliyyətin getdiyini təsdiq edən məqam da hesab oluna bilər. Bu da Trumpun kiçik bir güzəştlə özünü və Amerikanı qalib edərək müharibədən çıxmaq ehtimalını daha inandırıcı edir. Hürmüz boğazından ticarət gəmilərinin gediş-gəlişinə İran tərəfindən yaradılmış maneələrin aradan qaldırılması belə güzəşt kimi qəbul oluna bilər. Onsuz da İran texniki məsələlərin həlli şərtilə 14 günlük atəşkəs müddətində boğazdan maneəsiz keçidin təmin olunacağını rəsmən bildirib. Buna görə də Hürmüz boğazından maneəsiz keçidin təmin olunması Trampın İrana qarşı təzyiq və hədə qorxusu, habelə boğazın ABŞ-ın hərb gəmiləri tərəfindən blokadaya alınmasının nəticəsi və ABŞ-ın möhtəşəm qələbəsi kimi qələmə verilə bilər.

Artıq məlumdur ki, təxminən bir saat əvvəl Tramp Hürmüz boğazının dəniz blokadasının götürüldüyünü və gediş-gəlişin açıq olduğunu bildirib. Bu, o deməkdir ki, pərdəarxası diplomatiya öz sözünü deyib və mübahisəli məsələlərdən biri barədə razılaşma olub. Deməli digər məsələlər barədə razılaşmanın olacağını istisna etmək olmaz.

Qulamhüseyn ƏLİBƏYLİ

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights