Azərbaycan ədəbiyyatı tarixində bəzi əsərlər var ki, onların işıq üzü görməsi təkcə istedadın deyil, həm də böyük bir siyasi zəkanın və cəsarətin nəticəsidir. Xalq şairi Bəxtiyar Vahabzadənin hər bir azərbaycanlının qəlbində taxt quran məşhur “Ana dili” şeirinin çap olunma hekayəsi məhz belə bir dahi gedişlə bağlıdır.
ELAZ.İNFO xəbər verir ki, Bəxtiyar Vahabzadə öz xatirələrində milli kimliyimizin simvoluna çevrilən bu şeirin “senzura səddini” necə keçdiyini maraqlı bir faktla bölüşüb.
Həmin dövrün mənzərəsi və hadisənin gedişatı: Bəxtiyar Vahabzadə “Ana dili” şeirini yazsa da, dövrün qəzetləri onu “millətçi” damğası vuraraq dərc etməkdən boyun qaçırırdılar. Şair dostu Yusif Səmədoğlu ilə birlikdə xəstəxanada yatan Səməd Vurğuna baş çəkir. Səməd Vurğun gənc şairin yaradıcılığı ilə maraqlananda məlum olur ki, bir şeiri çap etmirlər. Şeiri oxuyan Səməd Vurğun vəziyyətin ağırlığını və şeirin bədii dəyərini dərhal anlayır. O, sovet ideologiyasının “toxunulmaz” simasından istifadə edərək, vərəqin yuxarı hissəsinə — epiqraf yerinə bu sözləri yazır:
“Biz Vətənimizi, millətimizi və dilimizi sevirik! V.İ.Lenin”
Bu epiqraf şeir üçün sanki bir “toxunulmazlıq zirehi” olur. Sovet rejiminin ən sərt vaxtlarında Leninin adından istifadə edilən bir yazını heç bir redaktor və ya senzor geri çevirməyə cəsarət etmir. Nəticədə, millətçilikdə ittiham olunan şeir bir gün sonra Azərbaycan SSR-nin rəsmi mətbuat orqanı olan “Kommunist” qəzetinin birinci səhifəsində işıq üzü görür.
Bu hadisə Səməd Vurğunun təkcə böyük şair deyil, həm də öz xələflərini və milli dəyərləri qorumağı bacaran uzaqgörən bir şəxsiyyət olduğunu bir daha sübut edir. “Ana dili” şeiri isə o gündən bəri dilimizin qoruyucu himninə çevrilib.
Ruslan Məmmədo

