Milli Məclisin deputatı Razi Nurullayev son günlər bəzi dairələr tərəfindən onun illər öncə səsləndirdiyi fikirlərin kontekstdən çıxarılaraq hədəf seçilməsinə sərt reaksiya verib. Deputat bildirib ki, keçmiş bəyanatları konkret tarixi reallıqlara əsaslanır və onları bu günün hadisələri ilə qarşı-qarşıya qoymaq ədalətsiz manipulyasiyadır.
ELAZ.İNFO xəbər verir ki, millət vəkili özünün sosial media hesabında xalqın maraqlarını və insani dəyərləri rəhbər tutan geniş bəyanatla çıxış edib. Razi Nurullayev Azərbaycanın haqq işində yanında olan dövlətləri qiymətləndirməyin bir prinsip olduğunu vurğulayaraq, eyni zamanda dünyanın heç bir yerində mülki insanların ölümünə səssiz qalmadığını diqqətə çatdırıb.
Deputatın bəyanatında deyilir:
“Qarabağ müharibəsi dövründə İranın tutduğu mövqe Azərbaycan cəmiyyətində haqlı narazılıq doğururdu. Mən də həmin vaxt bunu açıq şəkildə tənqid etmişdim və bir məqamı xüsusilə vurğulamışdım: Azərbaycanda müxtəlif millətlərin, o cümlədən yəhudilərin sülh və qardaşlıq şəraitində yaşaması bir reallıqdır. Bu nə şüar, nə də siyasi jestdir — bu, bizim cəmiyyətimizin formalaşdırdığı dəyərdir və bu gün də dəyişməyib.
İsraili “qardaş” adlandırmağım da məhz bu kontekstdən irəli gəlirdi. Bu, hansısa emosional və ya birtərəfli yanaşma deyil, konkret reallıqlara əsaslanan ifadə idi. Qarabağ müharibəsində Azərbaycanın haqq işində bizə dəstək verən, texnologiya və müdafiə sahəsində əməkdaşlıq edən ölkələrdən biri də İsrail olub. Yəni bu ifadə münasibətlərin məntiqi nəticəsi idi. Yəni, çətin gündə yanında olanı qiymətləndirmək prinsipidir.
Amma bu gün baş verən hadisələri götürüb, illər əvvəl deyilmiş fikirləri məntiqi ardıcıllığından çıxarıb mənim əleyhimə istifadə etmək nə ədalətlidir, nə də vicdanlı yanaşmadır. Mən heç vaxt mülki insanların məşəqqətini, həlak edilməsini, bombalanmasını harada baş verməsindən asılı olmayaraq, qəbul etməmişəm. Fələstində, Livanda, İranda və ya dünyanın istənilən yerində günahsız insanların həyatını itirməsi hamımızı üzməlidir və məni də çox üzür.
Faktları bilərəkdən təhrif edənlərə açıq deyirəm: bu, nə prinsipdir, nə də obyektiv mövqe. Bu, sadəcə manipulyasiya cəhdidir. Mənim dediklərim aydındır və məntiqi ardıcıllıqla oxunsa, hər şey yerinə düşür. Azərbaycanın maraqlarını müdafiə etmək ayrı məsələdir, insan həyatına hörmət isə bundan da üstün dəyərdir. Bu ikisini qarışdırmaq və ya qarşı-qarşıya qoymaq isə ya savadsızlıqdır, ya da qəsd. Mən dünən də Azərbaycanın maraqlarını müdafiə etmişəm, bu gün də edirəm və bunu heç kimin sifarişi ilə dəyişəcək deyiləm.”
Razi Nurullayevin bu prinsipial çıxışı seçiciləri və ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Siyasətçinin milli maraqları qoruyarkən bəşəri faciələrə qarşı həssaslıq nümayiş etdirməsi onun obyektiv və müstəqil mövqeyinin göstəricisi kimi qiymətləndirilir.
Ruslan Məmmədov