Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və qida sahəsində fəaliyyət göstərən sahibkarların fəaliyyətinin asanlaşdırılması istiqamətində növbəti addım atılıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndələri arasında keçirilən görüşdə sektorun gələcək inkişaf perspektivləri geniş müzakirə olunub.
ELAZ.İNFO xəbər verir ki, görüşün əsas qayəsini qida təhlükəsizliyi sahəsində aparılan sistemli islahatlar və rəqəmsal transformasiya təşkil edib. Dövlət dəstəyi tədbirləri çərçivəsində sahibkarlıq subyektləri üçün prosedurların sadələşdirilməsi və əlçatanlığın artırılması prioritet istiqamət kimi müəyyən olunub.
İdxal və ixrac əməliyyatları artıq tam elektronlaşdırılıb. Sahibkarlar icazə sənədlərini real vaxt rejimində, onlayn müraciət edərək əldə edə bilirlər. Laborator müayinələrin həm keyfiyyəti, həm də icra sürəti əhəmiyyətli dərəcədə yüksəldilib ki, bu da məhsulların bazara çıxış müddətini qısaldıb. Görülən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın yerli qida məhsulları hazırda dünyanın 73 ölkəsinə ixrac olunur. AQTA və “AmCham” arasında sahibkarlarla daha sıx və effektiv kommunikasiyanın qurulması üçün birgə əməkdaşlıq mexanizminin yaradılması barədə razılıq əldə edilib.
Bu islahatlar yerli istehsalçıların beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin qida təhlükəsizliyi sisteminin qlobal standartlara tam uyğunlaşdırılmasına xidmət edir.
Ruslan Məmmədov

