Qida təhlükəsizliyinə nəzarət tədbirləri çərçivəsində növbəti qanunsuz fəaliyyətin qarşısı alınıb. İnsan sağlamlığı üçün ciddi təhlükə yarada biləcək külli miqdarda mənşəyi məlum olmayan ət müsadirə edilib.
ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Lənkəran-Astara regional bölməsi və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşları birgə əməliyyat keçiriblər. Reyd zamanı istehlaka yararsız, ümumi çəkisi 227 kq olan ət aşkarlanıb. Baxış zamanı məhsulun heç bir müşayiətedici sənədinin olmadığı və onun at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar rayon sakini Məlik Sabir oğlu Əzizov tərəfindən antisanitar şəraitdə, qanunsuz olaraq kəsildiyi üzə çıxıb. Əmrah İslam oğlu Kərimlinin idarə etdiyi 10-XP-977 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə həmin əti satış məqsədilə Bakı şəhərinə çatdırmağı planlaşdırdığı müəyyən edilib.
Yararsız məhsul saxlanca verilib və ondan götürülən nümunələr laborator müayinələrə cəlb edilib. Müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək. Faktla bağlı araşdırmalar davam etdirilir. AQTA vətəndaşları ət və ət məhsulları alarkən diqqətli olmağa, yalnız rəsmi kəsim məntəqələrindən və baytarlıq şəhadətnaməsi olan məhsullardan istifadə etməyə çağırır.
Ruslan Məmmədov

