Bakıda yandırılan 15 yaşlı yeniyetmə reanimasiyaya yerləşdirilib

Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli tam orta məktəbdə sarsıdıcı hadisə baş verib. Doqquzuncu sinif şagirdi olan yeniyetmə sinif yoldaşına ağır xəsarət yetirib. Hadisənin təfərrüatları həm təhsil camiəsində, həm də cəmiyyətdə dərin narahatlıq doğurub.

ELAZ.İNFO xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və TƏBİB hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumata görə, 2010-cu il təvəllüdlü şagird 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək onu alışqanla yandırıb.

TƏBİB-dən verilən məlumata görə, xəsarət alan yeniyetmə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə çatdırılıb. Ona başın, üzün, boynun, gövdənin və hər iki yuxarı ətrafın II-III dərəcəli termiki alov yanığı diaqnozu qoyulub. Hazırda pasyent reanimasiyadadır və vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü yeniyetmə artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb. Məktəb rəhbərliyi və psixoloqlar digər şagirdlərlə reabilitasiya və dəstəkləyici söhbətlər aparır. BŞTİ məsələnin tam nəzarətə götürüldüyünü bildirib.

Rəsmi qurumlar ictimaiyyətdən xahiş edir ki, araşdırmanın həssaslığını nəzərə alaraq yalnız rəsmi məlumatlara istinad etsinlər və məsələyə emosional deyil, obyektiv yanaşsınlar. Hadisə uşaqlar arasında zorakılıq və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

Ruslan Məmmədov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights