Neft bazarında yeni mənzərə: Problem artıq təkcə hasilat deyil


ELAZ.İNFO xəbər verir ki, neft bazarında son günlərin əsas sualı hasilatın nə qədər olması yox, bu neftin dünya bazarlarına hansı şərtlərlə çatdırılmasıdır. Yaxın Şərqdə gərginlik davam edərkən, ixrac həcmlərində müəyyən bərpa müşahidə olunsa da, tanker daşımaları ilə bağlı risklər enerji bazarındakı təzyiqi saxlayır.
Reuters-in məlumatına görə, sentyabrın son günlərində Yaxın Şərqdən gündəlik xam neft ixracı bəzi günlərdə müharibədən əvvəlki göstəriciləri də keçib. Oktyabrın 1-nə orta gündəlik göstərici 18,5 milyon barel olub. Müharibədən əvvəl isə bu rəqəm təxminən 18 milyon barel təşkil edirdi.
Lakin rəqəmlərin yüksəlməsi enerji bazarındakı risklərin aradan qalxdığı anlamına gəlmir. Hörmüz boğazından keçən gəmilərlə bağlı insidentlərin artması daşıma, sığorta və logistika xərclərini kəskin yüksəldib. Reuters-in hesablamasına görə, Yaxın Şərqdən Asiyaya tanker daşımalarının gündəlik tarifləri əvvəlki təxminən 30 min dollardan 1,2 milyon dollara qədər yüksəlib.
Belə vəziyyətdə neftin qiymətinə yalnız hasilat və tələb-təklif balansı təsir etmir. Daşınmanın təhlükəsizliyi, sığorta xərcləri və emal imkanları da qiymətin formalaşmasında getdikcə daha böyük rol oynayır.
Yəni bazarda neft var, amma onu dünya bazarına çıxarmağın əvvəlki qədər rahat olmaması enerji sektorunda əsas problemlərdən birinə çevrilib.
İlahə BAYINDIR





