Alimlər iki təhlükəli xərçəng növünü erkən aşkarlayan yeni genetik test sistemləri hazırladılar!

Onkoloji xəstəliklərin vaxtında və dəqiq diaqnostikası istiqamətində mühüm elmi nailiyyət əldə olunub. Alimlərin hazırladığı yeni nəsil genetik panellər ən çox yayılan və təhlükəli şiş xəstəliklərini DNT səviyyəsində yüksək dəqiqliklə müəyyən etməyə imkan verəcək.
ELAZ.INFO xəbər verir ki, Novosibirsk Dövlət Universitetinin (NSU) Tibb və Tibbi Texnologiyalar İnstitutunun Bioinformatika Laboratoriyasının tədqiqatçıları döş və yumurtalıq xərçənginin diaqnozu üçün hədəf genetik test sistemləri hazırlayıblar. Universitetin mətbuat xidmətinin məlumatına görə, “Prioritet 2030” proqramı çərçivəsində yaradılan bu hədəf panellər insanın bütün DNT-sini deyil, məhz konkret xəstəliklərlə əlaqəli olan əvvəlcədən seçilmiş gen bölgələrini təhlil edən yeni nəsil ardıcıllıq (NGS) texnologiyasına əsaslanır. Rusiyada bu sahədə ilk olan bu yerli işləmə hədəf ardıcıllıqla hibridləşmə yanaşmasından istifadə edir ki, bu da ənənəvi PCR üsullarından fərqli olaraq yüzlərlə geni vahid paneldə birləşdirməyə və diaqnostikanı sürətləndirməyə imkan verir.
Layihə çərçivəsində həmçinin keyfiyyətə nəzarətdən tutmuş klinik hesabatların hazırlanmasına qədər məlumatların təhlilini tam avtomatlaşdıran xüsusi proqram təminatı da yaradılıb. Məlumata görə, 2027-ci ildə yeni test sistemləri nəzarət və təsdiqlənmiş diaqnozlu xəstələrin nümunələri üzərində sınaqdan keçiriləcək, tibbi cihaz kimi dövlət qeydiyyatına alınacaq və bundan sonra geniş klinik praktikaya tətbiq ediləcək. Bu yenilik tibb müəssisələri üçün daha əlçatan yerli diaqnostika imkanları yaratmaqla yanaşı, xarici tibbi sistemlərdən asılılığı da azaldacaq.
Ruslan MƏMMƏDOV




