Müəmmalı şəkildə yoxa çıxan ailə ilə bağlı yeni qərar: İstintaq Komitəsi könüllülərə müstəqil axtarış aparmağa icazə verdi!

Ötən ilin payızında Rusiya tayqasında izsiz-tozsuz yoxa çıxan Usoltsev ailəsinin taleyi hələ də qaranlıq olaraq qalır. 1500-dən çox insanın, paraşütçülərin və xüsusi texnikanın cəlb edildiyi axtarışların nəticəsiz qalmasından sonra istintaq orqanları könüllülərin müraciətlərinə aydınlıq gətirib.
ELAZ.INFO xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə Baş İstintaq İdarəsinin xüsusilə mühüm işlərin istintaqı üzrə birinci şöbəsinin rəis müavini Yana Sırımbetova könüllülərin 2025-ci ilin sentyabrında itkin düşən Usoltsev ailəsini hüquq-mühafizə orqanlarından xüsusi icazə almadan axtara biləcəklərini bəyan edib. Sergey Usoltsev, həyat yoldaşı İrina və onların azyaşlı qızları 2025-ci ilin sentyabrında Krasnoyarsk diyarının Kuturçinskoye Beloqorye ərazisinə gəzintiyə çıxarkən müəmmalı şəkildə yoxa çıxmışdılar. 2026-cı ilin yayında keçirilən son axtarış mərhələsindən sonra könüllü təşkilatlar prosesin bərpasının istintaqın qərarından asılı olduğunu bildirmişdilər.
İstintaq Komitəsinin rəsmisi Yana Sırımbetova məsələyə münasibət bildirərək könüllülərin qarşısında heç bir qadağa olmadığını deyib: “Könüllülər axtarış apara bilərlər, biz onlara mane ola bilmərik. Onlar əraziyə müstəqil şəkildə yollana bilərlər. İstintaq orqanları itkin düşmüş ailənin axtarışları ilə bağlı işləri təşkil edərkən biz özümüz də könüllülər daxil olmaqla müxtəlif mütəxəssisləri cəlb edirik, çünki onların bu sahədə lazımi avadanlıqları və təcrübələri var.” Usoltsev ailəsinin tapılması üçün region tarixində ən böyük axtarış əməliyyatı keçirilib. 1500 nəfərin iştirak etdiyi ilk genişmiqyaslı axtarış, eləcə də ondan sonra təxminən on dəfə təşkil olunan əməliyyatlar heç bir nəticə verməyib. Axtarışlara xilasedicilər və polislə yanaşı mağaraçılar, kinoloqlar, dron pilotları və hətta paraşütçülər də cəlb edilmişdi.
Ruslan MƏMMƏDOV




