Malankara Kilsəsinin rəhbəri Patriarx Kirillin 80 illik yubileyində iştirak etdi!

Rusiya və Hindistan xristian icmaları arasında tarixi və mənəvi əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım atılıb. Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin 80 illik yubiley tədbirləri çərçivəsində dünyanın müxtəlif ölkələrindən nüfuzlu dini liderlər Rusiya paytaxtına toplaşıblar.
ELAZ.INFO xəbər verir ki, Şərq Katolikosu və Malankara Metropoliti, Malankara Pravoslav Suriya Kilsəsinin rəhbəri Müqəddəs Bazelios Martoma Mattis III Patriarx Kirillin 80 illik yubiley mərasimlərinə qatılmaq üçün Moskvaya səfər edib. Səfər çərçivəsində ali dini rəhbər Moskvadakı Xilaskar Məsih Katedralında keçirilən bayram İlahi Liturgiyasında iştirak edib və Malankara Kilsəsi adından təbrik nitqi ilə çıxış edib. O, çıxışında iki kilsə arasında uzun illərdir davam edən qardaşlıq münasibətlərinə dərin ehtiramını ifadə edib, eyni zamanda 1977–1979-cu illərdə Patriarx Kirillin rektoru olduğu Leninqrad İlahiyyat Akademiyasında təhsil aldığı tələbəlik illərini xoş xatirələrlə yada salıb. Bundan əlavə, səfər zamanı Patriarx Kirill və Bazelios Martoma Mattis III arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki kilsə arasındakı mövcud münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Ruslan MƏMMƏDOV




