Ağdam Şəhəri Günündə möhtəşəm tədbir

Azad edilmiş ərazilərimizdə mədəni həyatın canlandırılması, yeniyetmə və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması istiqamətində silsilə tədbirlər davam etdirilir. Ağdam Şəhəri Günü münasibətilə təşkil olunan növbəti layihə həm məktəblilərin sənətə marağını artırıb, həm də şəhərin müasir inkişafını uşaqların gözü ilə əks etdirib.
ELAZ.INFO xəbər verir ki, Ağdam Şəhəri Günü münasibətilə Ağdam Muğam Mərkəzinin foyesində təsviri sənət üzrə yaradıcı ustad dərsi (master-klas) təşkil olunub. Tədbirdə Ağdam şəhər məktəblərinin şagirdləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimi Ziyafət Aslanlı və tanınmış rəssam Zöhrab Dadaşovun rəhbərliyi altında rəsm çəkərək bacarıqlarını nümayiş etdiriblər. Uşaqlar öz əsərlərində Ağdamın füsunkar təbiətini, zəngin tarixi-mədəni irsini və bu gün sürətlə həyata keçirilən müasir quruculuq-abadlıq işlərini təsvir ediblər. Ustad dərsinin sonunda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və mədəniyyət nazirinin müavini Murad Hüseynov məktəblilərin əl işləri ilə yaxından tanış olublar. Qonaqlara uşaqların çəkdikləri rəsmlər və onların mövzusu barədə ətraflı məlumat verilib.
Ruslan MƏMMƏDOV




