Gənc futbolçulara təhlükəsiz idman və zorakılıqla bağlı vacib xəbərdarlıq!

21.11.2026

Uşaq hüquqlarının qorunması, yeniyetmə və gənclərin sağlam psixoloji mühitdə yetişdirilməsi cəmiyyətin bütün sahələrində, o cümlədən idman sektorunda xüsusi önəm daşıyır. İdman klublarında təhlükəsiz mühitin formalaşdırılması və məşqçi-idmançı münasibətlərinin etik çərçivədə tənzimlənməsi istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir.

ELAZ.INFO xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Neftçi” Peşəkar Futbol Klubunun aşağı yaş qruplarından olan futbolçuları üçün maarifləndirici tədbir keçirilib.

Tədbirdə təlimçi qismində çıxış edən Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı yeniyetmə futbolçulara uşaqların hüquq və vəzifələri, idman mühitində uşaq hüquqlarının qorunması mexanizmləri barədə ətraflı məlumat verib.

Görüş zamanı uşaqlar arasında zorakılıq hallarının qarşısının alınması, təhlükəsiz və sağlam idman mühitinin formalaşdırılması, habelə məşqçi-uşaq münasibətlərində etik davranış qaydaları xüsusi vurğulanıb. Eyni zamanda, Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində rolu, bu istiqamətdə həyata keçirilən tədbirlər və zərurət yarandıqda Müvəkkilə müraciət imkanları iştirakçıların diqqətinə çatdırılıb. Təlimin sonunda gənc futbolçuların mövzu ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Ruslan MƏMMƏDOV

👁 170