Dəhşətli qaz partlayışı: İkisi uşaq olmaqla altı nəfər həlak oldu…

Qonşu Gürcüstanın paytaxtı Tiflisin Poniçala (Soğanlıq) qəsəbəsində yaşayış binasında baş vermiş dəhşətli qaz partlayışı ağır insan tələfatı ilə nəticələnib. Faciə ilə əlaqədar olaraq ölkədə ümummilli matəm elan edilib.
ELAZ.INFO xəbər verir ki, Tiflisin Poniçala qəsəbəsindəki çoxmərtəbəli yaşayış binasında təbii qaz sızması nəticəsində güclü partlayış baş verib. Hadisə nəticəsində binanın bir hissəsi uçub, dağıntılar altında qalan insanlardan ikisi azyaşlı uşaq olmaqla ümumilikdə altı nəfər həyatını itirib. Xilasetmə əməliyyatı zamanı yalnız 3 yaşlı bir qız uşağını dağıntılar altından sağ çıxarmaq mümkün olub, daha beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmalara görə, partlayış binanın beşinci mərtəbəsində yerləşən mənzillərin birində yığılmış təbii qazın qızdırıcı cihazın işə salınması zamanı alışması nəticəsində baş verib. Gürcüstan hökumətinin qərarı ilə faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə noyabrın 22-si ölkədə Matəm Günü elan olunub və dövlət bayraqları endirilib.
Bu ağır faciə ilə bağlı dərin kədər hissi keçirir, dost və qonşu Gürcüstan xalqına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!




