Çoxuşaqlı ailələrə şad xəbər: Hər uşağa görə əlavə pensiya və təklifi!

20.11.2026

Demoqrafik vəziyyətin yaxşılaşdırılması və çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni təşəbbüslər irəli sürülməkdədir. Xüsusilə çoxuşaqlı valideynlərin gələcək pensiya təminatının artırılması ilə bağlı səsləndirilən təkliflər ictimaiyyətin diqqət mərkəzindədir.

ELAZ.INFO xəbər verir ki, Rusiya Federasiyası İctimai Palatasının katibinin müavini Vladislav Qrib açıqlamasında çoxuşaqlı valideynlərə hər uşaq üçün əlavə pensiya ballarının və ya konkret pul məbləğlərinin verilməsini təklif edib. Qurum rəsmisi bildirib ki, bu dəstək mexanizmi üçüncü, dördüncü və sonrakı uşaqlara şamil olunmalıdır: “Hesab edirəm ki, çoxuşaqlı valideynlərə hər uşaq üçün — üçüncü, dördüncü və sonrakı uşaqlara görə əlavə pensiya balları hesablanması vacibdir.”

Vladislav Qribin sözlərinə görə, bu cür sosial dəstəyə ilk növbədə çoxuşaqlı anaların ehtiyacı var və onların cəmiyyət qarşısındakı zəhməti əvəzsizdir: “Qadınlar bu cür güzəştləri ilk növbədə almalıdırlar. Onların pensiyasına əlavə ballar hesablanmalı və ya hər uşaq üçün ən azı 5000 rubl əlavə ödəniş edilməlidir.”İctimai Palata təmsilçisi vurğulayıb ki, bu addım gələcəkdə təkcə demoqrafik göstəricilərə deyil, həm də pensiya fondunun dayanıqlığına müsbət təsir göstərəcək:

“Xatırlatmaq istəyirəm ki, hər bir uşaq gələcəyin vergi ödəyicisi və pensiya fondunun formalaşmasında iştirakçıdır. Bu, mahiyyət etibarilə dövlətin gələcəyə yatırdığı investisiyadır. Axı uşaqlar həm də gələcək pensiya yığımlarımız və vergi daxilolmalarımız deməkdir.” Vladislav Qrib yekunda qeyd edib ki, səsləndirilən bu təklif geniş müzakirə olunmalı və hər uşaq üçün ya konkret məbləğ, ya da əlavə pensiya balları formasında dəstəklənməlidir.

Ruslan MƏMMƏDOV

👁 260