“Qazax-Tovuz bölgəsində Türk Xalqları Universitetinin yaradılması milli maraqlar baxımından vacibdir”

19.11.2026

Türk dünyası ölkələri arasında elmi, mədəni və humanitar inteqrasiyanın dərinləşdirilməsi müasir dövrün əsas strateji istiqamətlərindən biridir. Xüsusilə sərhədyanı regionlarda ortaq milli-mənəvi dəyərlərə söykənən təhsil və maarifçilik ocaqlarının yaradılması həm regional əməkdaşlığın gücləndirilməsi, həm də kənar ideoloji təsirlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

ELAZ.INFO xəbər verir ki, tanınmış ilahiyyatçı-politoloq Tural İrfan ölkənin Qərb bölgəsində Türk Xalqları Universitetinin yaradılması təşəbbüsünə və bu ali təhsil ocağının ideoloji-strateji əhəmiyyətinə dair fikirlərini bölüşüb. bildirib ki, Azərbaycanın Qərb bölgəsində yerləşən şəhərlərin birində Türk Xalqları Universitetinin yaradılması layihəsi zamanın tələbindən irəli gələn vacib və təqdirəlayiq addımdır:

“Ölkənin Qərb bölgəsində şəhərlərin birində Türk Xalqları Universitetinin yaradılması layihəsini müsbət və təqdirəlayiq hesab edirəm. Eyni zamanda, belə bir ali təhsil müəssisəsinin yaradılması Azərbaycanın milli maraqları baxımından vacibdir və zamanın tələbindən irəli gələn zərurətdir. Universitet türk xalqları arasında elmi, mədəni və təhsil əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verə bilər. Borçalı ilə bağlı ciddi problemlərin mövcudluğu heç kimə sirr deyil. Burada İran-fars şovinizminin və digər kənar mərkəzlərin təbliğatının təsiri altında soydaşlarımızın milli-ideoloji baxımdan uzaqlaşdırılması təhlükəsi var. Gələcəkdə bu təsirlərdən istifadə edilərək Azərbaycana qarşı proksi qüvvələrin formalaşdırılması və onların Livandakı kimi kənar maraqlar naminə yönləndirilməsi ehtimalı da istisna edilmir. Şübhəsiz ki, bu məsələdə xeyli gecikmişik. Türk Xalqları Universitetinin yaradılması bu istiqamətdə müsbət addım olsa da, onun mövcud ideoloji təsirlərin qarşısını almaq gücündə olub-olmaması ayrıca müzakirə edilməli və ciddi şəkildə qiymətləndirilməlidir.”

Tural İrfan vurğulayıb ki, Borçalıda müşahidə olunan ideoloji proseslər təsadüfi xarakter daşımır və uzun illərin nəticəsidir: “Çünki Borçalıdakı proseslər ötəri xarakter daşımır, bu, artıq oturuşmuş ideoloji fəaliyyətdir. Söhbət 30 ildən artıq davam edən və insanların təfəkkürünə, dünyagörüşünə, şüuruna təsir göstərmiş ideoloji təsirdən gedir. İndi bu təsirlərin qarşısını almağın nə qədər vaxt aparacağını, bunun neçə nəslin dəyişməsini tələb edəcəyini demək çətindir. Təəssüf ki, biz çox vaxt problemləri vaxtında görüb qabaqlayıcı tədbirlər görmür, onların daha da dərinləşməsini gözləyir, sonra çıxış yollarını axtarırıq.” İlahiyyatçı-politoloq hesab edir ki, Türk Xalqları Universitetinin yaradılması kimi xoşməramlı layihələr ümumi strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməli, lakin formal yanaşmadan uzaq olmalıdır:

“Qazax-Tovuz bölgəsi tarixən türk dəyərlərinə, milli mentalitetə və mədəniyyətə bağlılığı ilə seçilən bir ərazidir. Əgər bu universitet yalnız formal təhsil müəssisəsi kimi fəaliyyət göstərərsə, o, zamanla özü də kənar ideoloji təsirlərin hədəfinə çevrilə bilər. Buna görə də ilk növbədə burada köklü ideoloji maarifləndirmə işləri aparılmalı, türk kimliyi, milli-mənəvi dəyərlər və dövlətçilik maraqları əsas istiqamətlər kimi müəyyən edilməlidir. Digər mühüm məsələ ölkənin öz milli-dini modelinin formalaşdırılmasıdır. Belə bir modelin olmaması ideoloji boşluq yaradır və həmin boşluqdan xarici dini-siyasi təsirlər, radikal mühafizəkar cərəyanlar və qeyri-ənənəvi dini qruplar istifadə etməyə çalışırlar. Nəticədə cəmiyyətdə dini baxışların parçalanması və müxtəlif xarici təsir mərkəzlərinin möhkəmlənməsi üçün zəmin yaranır.”

İlahiyyatçı qeyd edib ki, hətta İran kimi dövlətlərdə belə tarixi və islamaqədərki dini inanclar qorunub saxlanılır: “İranda zərdüştilərin, yəhudilərin və xristianların öz dini kimliklərini qoruyub saxlaması da dini ənənələrin və icmaların davamlılığı məsələsini gündəmə gətirir. Fikrimcə, Azərbaycanın milli dövlətçilik maraqlarına, tarixi dini ənənələrinə və müasir tələblərə uyğun milli-dini yanaşmanın formalaşdırılması vacibdir. Əks halda, yaranan ideoloji boşluqlar xarici təsir mərkəzlərinin ölkə daxilində fəallaşmasına şərait yarada bilər.”

Onun sözlərinə görə, bu ali məktəbin yaradılması Borçalı ilə əlaqələrin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır: “Azərbaycanın milli-mədəni və mənəvi resurslarına əsaslanan güclü maarifçilik modeli olsaydı, Borçalıda da soydaşlarımızın maarifləndirilməsi və qorunması üçün daha geniş imkanlarımız yaranardı. Bu reallıq milli-mənəvi platformanın vacibliyini bir daha ortaya qoyur. Bütün bunları nəzərə alaraq, Qazax-Tovuz bölgəsində Türk Xalqları Universitetinin yaradılmasını məqsədəuyğun hesab edirəm. Təbii ki, bu universitetin dini təhsil müəssisəsi ola bilməyəcəyi aydındır. Lakin onun türk dünyasının ortaq tarixi, mədəniyyəti, dili, ideoloji dəyərləri və strateji maraqlarını təbliğ etməsi Azərbaycanın milli maraqlarına xidmət edə bilər. Belə bir ali təhsil ocağı ölkəmizə qarşı yönəlmiş antitürk və antiislam təbliğatına qarşı elmi, mədəni və maarifçilik müstəvisində ciddi və güclü platformaya çevrilə bilər.”

Ruslan MƏMMƏDOV

👁 140