Saatlı rayonunda kənd təsərrüfatının və emal sahələrinin inkişafı üzrə layihələrə baxılıb, Dövlət Proqramından irəli gələn məsələlər müzakirə olunub

Ölkəmizdə aqrar sektorun dayanıqlı inkişafı, emal sənayesinin genişləndirilməsi və regionlarda sahibkarlıq mühitinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə qəbul edilən strateji dövlət proqramlarının yerlərdə icra vəziyyəti mütəmadi olaraq diqqət mərkəzində saxlanılır.
ELAZ.INFO xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”*nın icrası ilə bağlı Saatlı rayonunda aqrar sahədə fəaliyyət göstərən bir sıra təsərrüfatların fəaliyyətinə və həmin müəssisələrdə proqramın icrası istiqamətində görülən işlərə baxış keçirilib.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev və rayonun aidiyyəti qurumlarının nümayəndələri rayonda fəaliyyət göstərən “Alles” MMC-də ərzaq məhsullarının istehsalı prosesi, eləcə də “BFT Cheesella” MMC-də süd məhsullarının emalı və intensiv bağçılıq təsərrüfatı ilə yaxından tanış olub, müəssisələrin mövcud potensialını və genişləndirilmə imkanlarını dəyərləndiriblər. Baxış zamanı kənd təsərrüfatı istehsalının artırılması məqsədilə müasir aqrotexnologiyaların tətbiqi, suvarma və torpaq ehtiyatlarından səmərəli istifadə və məhsuldarlığın yüksəldilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib.
Təsərrüfatlara baxış keçirildikdən sonra Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış Qərargah üzvlərinin iştirakı ilə geniş tərkibli görüş təşkil olunub. Görüşdə 2026–2030-cu illər üçün Dövlət Proqramında qarşıya qoyulan əsas vəzifələr — aqrar sektorun inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması, fermerlərin fəaliyyətinin dəstəklənməsi və kənd yerlərində əhalinin məşğulluğunun təmin olunması istiqamətində görüləcək tədbirlər müzakirə edilib. Həmçinin müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, resurslardan daha effektiv istifadə və sahələrin dayanıqlı inkişafının təmin edilməsinin vacibliyi vurğulanıb.
Çıxışlarda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində fermerlər və sahibkarlar üçün yaradılan dövlət dəstəyi mexanizmləri xüsusi qeyd olunub, yeni texnologiyaların tətbiqinin regionlarda aqrar məhsulların istehsalının artımına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
İclasın sonunda Dövlət Proqramının uğurlu icrasını təmin etmək və qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə nəzarətin gücləndirilməsi, görülən işlər üzrə mütəmadi monitorinqlərin aparılması və nəticələrin təhlil edilməsi qərara alınıb. Eyni zamanda, Saatlı rayonunda səmərəli fəaliyyət göstərən aqrar təsərrüfat subyektlərinin dövlət dəstəyi imkanlarından daha effektiv yararlanmasının təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilib.
Ruslan MƏMMƏDOV




