AQTA-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

19.11.2026

Ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların sağlam mühitdə böyüməsi və maarifləndirilməsi istiqamətində dövlət qurumları tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu təşəbbüslər azyaşlıların həm hüquqi biliklərinin artırılmasına, həm də sağlam həyat tərzi vərdişlərinə yiyələnməsinə mühüm töhfə verir.

ELAZ.INFO xəbər verir ki, “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) uşaqlar üçün xüsusi tədbir təşkil olunub. Tədbirdə çıxış edən Ombudsman Aparatının Bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq şöbəsinin Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı bildirib ki, uşaq hüquqlarının qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O vurğulayıb ki, bu sahədə mühüm işlər görülür, uşaqların təhsili, sağlamlığı, rifahı və gələcəyi daim diqqət mərkəzində saxlanılır və bütün bu addımlar onların etibarlı müdafiəsinə, eləcə də layiqli həyat şəraitinin təmin edilməsinə xidmət edir.

Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti, həkim-diyetoloq Tutu Zeynalova uşaqların sağlam qidalanmasının əhəmiyyətindən danışıb, zərərli qidaların yarada biləcəyi təhlükələri və düzgün qidalanmanın əsas prinsiplərini diqqətə çatdırıb. O, uşaqlarla interaktiv söhbət apararaq sağlam qidalanma vərdişlərinin erkən yaşlardan formalaşdırılmasının vacibliyini qeyd edib və iştirakçıları bu istiqamətdə maarifləndirib.

Tədbir çərçivəsində uşaq yazıçısı Mehriban Nağıyevanın müəllifi olduğu “Əsmərin sehrli zənbili” nağılı əsasında hazırlanmış animasiya filmi nümayiş etdirilib. Eyni zamanda, tədbir iştirakçıları uşaqların sağlam qidalanma mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olublar. Sonda tədbirdə fəal iştirak edən uşaqlara sertifikatlar və hədiyyələr təqdim olunub.

Ruslan MƏMMƏDOV

👁 50