Azərbaycanda Milli Dirçəliş Günü Qeyd Olunur

Bu gün — 17 noyabr Azərbaycan tarixinin ən şanlı və taleyüklü səhifələrindən biri olan Milli Dirçəliş Günüdür. Xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoluna çevrilən bu tarixi gündən 38 il ötür.
ELAZ.INFO xəbər verir ki, 1988-ci ilin məhz bu günündə Bakının Azadlıq meydanında (o vaxtkı Lenin meydanı) sovet imperiyasının Azərbaycana qarşı apardığı ədalətsiz siyasətə və Ermənistanın ərazi iddialarına etiraz olaraq fasiləsiz ümumxalq mitinqləri başlayıb. 1988-ci ilin noyabr hadisələri Azərbaycan xalqının milli oyanışının və özünüdərkinin başlanğıcı kimi tarixə düşüb. Milyonlarla insanın meydana axışması sovet rəhbərliyinin Qarabağla bağlı riyakar siyasətinə qarşı xalqın vahid yumruq kimi birləşdiyini bütün dünyaya nümayiş etdirdi.
Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən meydanın dağıdılmasına baxmayaraq, xalqın iradəsini sındırmaq mümkün olmadı. 17 noyabr hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yolun təməlini qoydu və 1991-ci ildə müstəqilliyimizin yenidən əldə edilməsində həlledici rol oynadı. 1992-ci ildən etibarən 17 noyabr ölkəmizdə Milli Dirçəliş Günü kimi rəsmi qeyd olunur.
Bu gün Azərbaycan xalqı Milli Dirçəliş Gününü tamamilə fərqli bir qürur və Zəfər ruhu ilə qarşılayır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. 1988-ci ildə Azadlıq meydanında səslənən müstəqillik və bütövlük arzuları bu gün Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımızla tam reallığa çevrilib.
Ruslan MƏMMƏDOV 🖋️




