Şaxta Baba 10 İllik Fasilədən Sonra Yakutiyada Yeni İl Ağacını İşıqlandıracaq

17.11.2026

Ümumrusiya Şaxta babası “Qış Yakutiyadan başlayır” festivalı çərçivəsində Yakutsk şəhərinə səfər edəcək və ölkənin ilk Yeni il ağacının işıqlandırılması mərasimində iştirak edəcək.

ELAZ.INFO xəbər verir ki, Yakutsk Mədəniyyət və Mənəvi İnkişaf Departamentinin rəhbəri Sardana Brızqalova “Vesti”yə müsahibəsində bildirib. Sardana Brızqalova qeyd edib ki, Velikiy Ustyuqdan olan Şaxta baba sonuncu dəfə Yakutska 10 il əvvəl — 2016-cı ildə səfər edib. Onun şəhərdəki proqramının olduqca sıx olacağını vurğulayan departament rəhbəri sakinlərin və qonaqların Şaxta baba ilə görüşməsi üçün bütün imkanların yaradılacağını deyib: “Əsas məqsəd Yeni il ağacının işıqlandırılmasıdır. Dekabrın 1-də keçiriləcək mərasimdə hər kəs Şaxta babanı şəxsən görmək, onunla salamlaşmaq və bayram sevincini bölüşmək imkanı əldə edəcək.”

Qeyd edək ki, dekabrın 1-də Yakutskda keçirilən bu ənənəvi mərasimdə rəsmi iqamətgahı Yakutiyada yerləşən dünyanın soyuğunun qoruyucusu Çısxaan da iştirak edir və qışın başlanğıcını elan edərək rəmzi əsasını Şaxta babaya təhvil verir. 2011-ci ildən etibarən təşkil olunan “Qış Yakutiyadan başlayır” festivalının proqramına həmçinin “Stroqanina” şimal mədəniyyəti festivalı, “Yakutiyanın dadı” qastronomiya tədbiri və “Yakutiyanın almazları” adlı beynəlxalq buz və qar heykəltəraşlığı müsabiqəsi daxildir. Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə reallaşdırılan “Turizm və Qonaqpərvərlik” milli layihəsinə uyğun olaraq keçirilən bu festival regionun turizm cəlbediciliyinin artırılmasına xidmət edir.

Ruslan MƏMMƏDOV 🖋️

👁 220