Endryu Robertson Kenni Dalqlişi Geridə Qoyaraq Şotlandiya Millisinin Tarixinə Düşüb

17.11.2026

Şotlandiya milli futbol komandasının kapitanı Endryu Robertson yığmanın heyətində ən çox oyun keçirən futbolçu kimi yeni rekorda imza atıb.

ELAZ.INFO xəbər verir ki, təcrübəli müdafiəçi bu tarixi nailiyyətə UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu — altıncı turunda İsveçrə yığmasına qarşı keçirilən səfər oyununda (0:4) nail olub. Bu qarşılaşma 32 yaşlı kapitanın Şotlandiya millisinin forması ilə meydana çıxdığı 103-cü matç olub. Bununla da Robertson milli komandanın əfsanəvi sabiq hücumçusu Kenni Dalqlişin (102 oyun) 40 ildən bəri qorunan rekordunu geridə qoyaraq mütləq liderliyə yüksəlib. Qeyd edək ki, Endryu Robertson mövsümlərarası fasilədə İngiltərənin “Tottenhem Hotspur” klubuna transfer olunub. O, bundan əvvəl — 2017-ci ilin yayından etibarən 9 il ərzində “Liverpul”un şərəfini qoruyub və Mersisayd təmsilçisinin heyətində bütün nüfuzlu titulları — iki dəfə İngiltərə Premyer Liqası, UEFA Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klublararası Dünya Kuboku, İngiltərə Kuboku (FA Cup), Liqa Kuboku və Super Kuboku (Community Shield) qazanıb. Robertson Şotlandiya yığmasının heyətində AVRO-2020, AVRO-2024 və 2026-cı il Dünya Çempionatının final mərhələlərində çıxış etsə də, komandası hər üç turnirdə qrup mərhələsini adlaya bilməyib.

Ruslan MƏMMƏDOV 🖋️

👁 270