“Quantum Park” Rusiyanın Kvant Kompüterlərinin Kommersiya Satışına Başlayıb

17.11.2026

Rusiyanın superkeçirici kvant kompüterləri istehsalı sahəsində aparıcı mərkəzlərindən olan “Quantum Park” 4, 8 və 10 kubitlik yüksək dəqiqlikli kvant hesablama sistemlərinin ilk seriyasının satışına start verib.

ELAZ.INFO xəbər verir ki, bu komplekslər tədqiqat mərkəzlərinə, universitetlərə və biznes qurumlarına hibrid kvant-klassik hesablamalar üçün infrastrukturu qısa müddətdə qurmağa imkan yaradacaq. Bauman adına Moskva Dövlət Texniki Universitetinin rektoru Mixail Qordin bildirib ki, Duxov adına Ümumrusiya Avtomatlaşdırma Elmi-Tədqiqat İnstitutu (VNIIA) ilə əməkdaşlıq çərçivəsində kvant kompüterləri Rusiya tədqiqatçıları və biznesi üçün daha əlçatan hala gətirilir. Onun sözlərinə görə, “Quantum Park” tam gücü ilə təchiz edildikdən sonra rusiyalı alim və mühəndislər “SnowDrop” arxitekturası əsasında ildə 10-20 ədəd çoxkubitli kvant kompüteri istehsal edə biləcəklər. Hər bir hesablama kompleksi tam aparat və proqram təminatı dəsti kimi təqdim olunur və özündə aşağıdakı komponentləri birləşdirir:

Kvant koprosessoru (birgə prosessor); Kriogen oxuma və idarəetmə sistemləri; Siqnal kommutasiya sisteminə malik Rusiya istehsalı ultra-aşağı temperaturlu kriostat; Kvant alqoritmlərinin icrası üçün xüsusi proqram mühiti. VNIIA-nın elmi direktoru Aleksandr Andriyaş qeyd edib ki, təqdim olunan platforma gələcəkdə aparat və proqram təminatı yeniləmələrini dəstəkləyir. Bu isə müştərilərə sistemi sıfırdan dəyişmədən kvant prosessorunun gücünü 48 kubitə qədər artırmağa və daha mürəkkəb praktiki məsələləri həll etməyə imkan verir. “SnowDrop” arxitekturalı bu sistemlər material modelləşdirməsi, optimallaşdırma məsələlərinin həlli və kvant alqoritmlərinin sınaqdan keçirilməsi üçün nəzərdə tutulub. Prosessorlar artıq bulud platforması vasitəsilə 9000 saatdan çox işləyərək 103 mindən artıq alqoritmin sınağından uğurla keçib.

Ruslan MƏMMƏDOV 🖋️

👁 180