Deputat Günay Ağamalı parlamentdə qaldırdığı sosial məsələlərə bağlı deputatlardan dəstək olmasını tələb etdi

19.11.2026

Milli Məclisin plenar iclaslarında vətəndaşların gündəlik həyatına birbaşa təsir edən sosial məsələlərin gündəmə gətirilməsi cəmiyyət tərəfindən hər zaman rəğbətlə qarşılanır. Millət vəkili Günay Ağamalının parlament tribunasından səsləndirdiyi son təkliflər də məhz minlərlə ailənin real qayğılarını və sosial gözləntilərini əks etdirir.

ELAZ.INFO xəbər verir ki, deputat Günay Ağamalı çıxışı zamanı həm tələbələrin nəqliyyat xərcləri, həm də aztəminatlı ailələrə dəfn müavinətinin verilməsi ilə bağlı vacib sosial problemlərə toxunub. Bu məsələlər doğrudan da bir çox ailənin məişətində və büdcəsində ciddi yük yaradan amillərdir. Bu gün ali və orta ixtisas təhsili alan tələbələr hər gün dərsə gedib-gəlmək üçün müəyyən yolpulu xərcləyirlər. Onsuz da ailələrin dolanışıq xərclərinin artdığı bir vaxtda tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməməsi suallar doğurur. Gənclərin təhsilə əlçatanlığını artırmaq və ailələrin sosial yükünü azaltmaq üçün tələbələrə ictimai nəqliyyatda güzəştlərin verilməsi zəruridir.

Digər tərəfdən, cəmiyyətdə ən həssas məqamlardan biri də yaxınını itirən ailələrin üzləşdiyi maddi çətinliklərdir. İnsan ağır itki yaşadığı, dərdinin içində olduğu bir vaxtda dəfn xərclərini necə qarşılayacağını düşünmək məcburiyyətində qalır. Hazırkı qaydalara əsasən, pensiya və sosial müavinət almayan şəxslər vəfat etdikdə onların ailələri dəfn müavinətindən kənarda qalır. Bəs belə bir vəziyyətdə maddi imkanı məhdud olan, aztəminatlı ailələr nə etməlidir? Hesab edirik ki, bu mexanizmə yenidən baxılmalı, dəfn müavinəti sosial statusundan asılı olmayaraq aztəminatlı ailələri də əhatə etməlidir. Eyni zamanda, tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi istiqamətində konkret addımlar atılmalıdır.

Millət vəkili Günay Ağamalının bu aktual problemləri Milli Məclisin tribunasından səsləndirməsi təqdirəlayiq və vacib təşəbbüsdür. Çünki deputatın missiyası təkcə qanunların qəbulunda iştirak etmək deyil, həm də seçicilərinin, sadə vətəndaşların səsini ali qanunverici orqana çatdırmaqdır. Digər millət vəkilləri də Günay xanımın irəli sürdüyü bu sosial təşəbbüslərə həmrəylik göstərməli, vətəndaşların problemlərinin həlli üçün parlamentdə fəal mövqe nümayiş etdirməlidirlər. Ümid edirik ki, aidiyyəti dövlət qurumları səsləndirilən bu haqlı təklifləri diqqətlə nəzərdən keçirəcək və sosial rifaha xidmət edən müvafiq qərarlar qəbul olunacaq.

Ruslan MƏMMƏDOV

👁 80