Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının xarici siyasət kursunda Asiya-Sakit okean regionu ölkələri ilə ikitərəfli əlaqələrin genişləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm yer tutur. Bu çərçivədə rəsmi Bakı ilə Hanoy arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində yüksək səviyyəli təmaslar davam etdirilir.
ELAZ.INFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəliblər. Hava limanında dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının ədliyyə naziri Hoanq Than Tunq və digər yüksək vəzifəli rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair yüksək səviyyəli görüşlərin keçirilməsi və müzakirələrin aparılması gözlənilir.
Ruslan MƏMMƏDOV




