Sərnişinlərə şad xəbər: Bakı–Balakən qatarı yenidən xəttə buraxıldı — Qiymətlər açıqlandı!

Ölkənin şimal-qərb bölgəsi ilə paytaxt arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi və vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində mühüm addım atılıb. Təbii fəlakət nəticəsində zərər görmüş dəmir yolu infrastrukturunda aparılan əsaslı bərpa işlərindən sonra uzun müddətdir gözlənilən sərnişin reysləri yenidən fəaliyyətə başlayıb.
ELAZ.INFO xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişin daşımalarını bərpa edib. Hərəkət cədvəlinə əsasən, Bakıdan Balakən istiqamətinə ilk qatar 20 noyabr saat 23:30-da (səhər saat 08:10-da Balakənə çatmaqla) yola düşüb. Əks istiqamətdə — Balakəndən Bakıya isə ilk reys 21 noyabr saat 21:10-da (saat 06:01-də Bakıya çatmaqla) həyata keçiriləcək. Gecə reysləri vasitəsilə sərnişinlər səhər saatlarında mənzil başına çatacaqlar ki, bu da həm işgüzar səfərlər, həm də turizm və şəxsi səyahətlər baxımından əlverişli nəqliyyat alternativi yaradır.
Məlumata görə, biletlərin qiyməti Bakıdan Balakən istiqamətində 16,20 manatdan başlayır. Sərnişinlərə standart və standart+ sinifləri üzrə yataq tipli vaqonlarda xidmət göstəriləcək, onların rahat istirahəti və təhlükəsizliyi üçün zəruri şərait təmin ediləcək. Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” mobil tətbiqi və dəmir yolu kassalarından əldə etmək mümkündür.
Xatırladaq ki, bu ilin iyul ayında ölkənin şimal-qərb bölgəsində baş verən intensiv yağıntı və sel nəticəsində Qax–Balakən sahəsində dəmir yolu infrastrukturuna ciddi ziyan dəymiş, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə bu marşrut üzrə qatarların fəaliyyəti müvəqqəti dayandırılmışdı.
Ötən müddət ərzində ADY tərəfindən ərazidə genişmiqyaslı təmir-bərpa işləri görülüb. Belə ki, Qax–Balakən sahəsində 1 kilometrə yaxın dəmir yolu xətti yenidən qurulub, əvvəlki suötürücü boruların yerində daha iri beton suötürücü qurğular inşa edilib, torpaq yatağı bərkidilib və bəzi ərazilərdə çay yatağı təmizlənib.
Bakı–Balakən–Bakı marşrutunun bərpası sərnişin məmnuniyyətinin artırılmasına, regionlararası nəqliyyat əlçatanlığının təmin olunmasına və vətəndaşların təhlükəsiz səyahət imkanlarının genişləndirilməsinə xidmət edir.
Ruslan MƏMMƏDOV




