100 min gəncə qapılar açılır!

“Brexit”dən sonra Avropa İttifaqı ilə Böyük Britaniya arasında təhsil, gənclər mübadiləsi və humanitar əlaqələrin yenidən bərpası istiqamətində mühüm razılaşma əldə olunub. Aİ-Böyük Britaniya sammiti çərçivəsində qəbul edilən qərarlar gənclərin sərbəst hərəkəti və təhsil imkanları baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
ELAZ.INFO xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursubla fon der Lyayen Aİ-Böyük Britaniya sammitində çıxışı zamanı Böyük Britaniyanın gələn ildən etibarən yenidən “Erasmus+” proqramına qoşulacağını bəyan edib. Aİ rəsmisi bu addımın La-Manş boğazının (ingilis dilində “English Channel”) hər iki tərəfində yerləşən yeni nəsil tələbələr, müəllimlər və təcrübəçilər üçün geniş imkanlar açacağını vurğulayıb:
“Biz xalqlarımızı birləşdiririk. Gələn ildən etibarən Böyük Britaniya yenidən ‘Erasmus+’ proqramında iştirak edəcək. Bu, boğazın hər iki tərəfində yeni nəsil tələbə və müəllimlər, təcrübəçilər üçün yeni imkanlar açır. Və biz irəliləyirik. Gənclər təcrübəsi sxemi ilə bağlı danışıqları başa çatdırdıq. Bu sxem hər tərəfdən 100 min gəncin qarşı tərəfdə üç ilə qədər vaxt keçirməsinə imkan verəcək. Onlar işləyə, təhsil ala, könüllü ola və ya sadəcə səyahət edə bilərlər. Bu imkanlar üfüqləri açır və ömürlük davam edəcək dostluqlar yaradır.” Sözügedən razılaşma Avropa İttifaqı ilə London arasındakı münasibətlərin normallaşması və gənclərin qarşılıqlı inteqrasiyasının gücləndirilməsi baxımından əlamətdar hadisə hesab olunur.
Ruslan MƏMMƏDOV




