Xəzərdə brakonyerlərə qarşı sərt əməliyyat: Qadağan olunmuş nərə balıqları ilə yaxalandılar!

21.11.2026

Xəzər dənizinin Azərbaycan sektorunda nadir və nəsli kəsilməkdə olan balıq növlərinin qorunması, eləcə də qanunsuz balıq ovuna (brakonyerliyə) qarşı mübarizə istiqamətində nəzarət tədbirləri gücləndirilib. Aidiyyəti dövlət qurumlarının birgə keçirdiyi reydlər zamanı qadağan olunmuş su bioresurslarını ovlayan şəxslər saxlanılıb.

ELAZ.INFO xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən birgə nəzarət tədbirləri keçirilib.

Əməliyyat zamanı Xaçmaz rayonunun Şimali kəndi istiqamətində qanunsuz balıq ovlayan vətəndaşlar — Pərviz Xankişiyev və Həsən İsayev saxlanılıblar. Onlara məxsus “AŞA-8327” bort nömrəli mühərrikli taxta qayığa baxış zamanı ovlanması qəti qadağan olunan 7 ədəd bölgə, 2 ədəd uzunburun və 20 ədəd rus nərəsi balığı aşkar edilərək maddi sübut kimi götürülüb.

Eyni gündə DSX-nin Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları Siyəzən rayonunun Böyük Həmyə kəndi istiqamətində də reyd keçiriblər. Tədbir nəticəsində Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan Xəyal İbrahimov, Mahir Əkbərov və Şəhriyar Səmədov saxlanılıblar.

Baxış zamanı “BH-3006” nömrəli asma mühərrikli taxta qayıqdan Şəhriyar Səmədov tərəfindən ovlanmış 6 ədəd rus nərəsi, “BH-3014” nömrəli qayıqdan isə Xəyal İbrahimov və Mahir Əkbərov tərəfindən ovlanmış 1 ədəd rus nərəsi aşkar olunub. Qanunsuz balıq ovlayan bütün şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Aidiyyəti qurumlar bir daha xəbərdarlıq edir ki, qanunsuz balıq ovu Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələri ilə ciddi məsuliyyət yaradır və bu kimi hallara yol verən şəxslər barəsində qanunamüvafiq qaydada sərt tədbirlər görüləcək.

Ruslan MƏMMƏDOV

👁 160